BAKI, 21 iyul — Sputnik, Lev Rıjkov. Sovet İttifaqının "ev" Olimpiadasında möhtəşəm çıxış etdiyi idman növlərindən biri də qadın həndbolu oldu. O yarışda SSRİ yığması dalbadal beş fantastik qələbə qazanaraq finalda Qərbi Almaniyanı məğlub etdi.
Rəsmi yayım kadrlarına daxil olmayan o hadisələr barəsində Sputnik komandanın üzvü, Moskva Olimpiadasının qızıl medalçısı Larisa Savkinadan soruşub.
Bakılı qız kiyevlilərin arasında
Yığmanın tərkibinə düşməmişdən Larisa Savkina Azərbaycan SSR-də, "Avtomobilçi" komandasında oynayıb.
"Mən Gürcüstanda anadan olmuşam, uzun müddət Azərbaycanda yaşamışam. Mən Azərbaycan hədbolunun nümayəndəsiyəm. Sumqayıtda böyümüşəm. Birinci məşqçim Vladimir Afanasyeviç Korotki məndə həndbola sebgi oyada bildi. Sonra valideynlərim Volqoqrada köçdülər və üç il orada oxudum. Və qəflətən arxamca məşqçilər gəldilər və məni Bakıya qaytardılar" – Savkina xatırlayır.
70-ci illərin sonunda sovet qadın həndbolunda bir çempion olurdu – Kiyevin "Spartak" komandası."Avtomobilçi" isə sabit olaraq "gümüş" qazanırdı. Olimpiya yığmasını formalaşdırmağı kiyevlilərin məşqçisi İqor Turçinə tapşırmşdılar.
"Yəqin ki, İqor Yevdokimoviç istənilən məşqçi kimi göstərmək istəyirdi ki, öz komandasının qüvvəsi ilə Olimpiya oyunlarını uda bilər. Bu həqiqətən də belə idi. O öz komandasının səyləri ilə, bizsiz də keçinə bilərdi, çünki komandası çox güclü idi" – Savkina deyir.
Azərbaycanın nümayəndəsindən əlavə yığmaya Pribaltika həndbolunun liderləri Aldona Nenenene və Sigita Streçen də daxil olublar.
"Mən ukraynalı qızlarla oynamışam və heç vaxt nə aşağılanma, nə təhqir görməmişəm. Aramızda heç vaxt düşmənçilik olmadı. Həmişə dost olmuşuq. İndiyədək zəngləşirik və bir-birimizə salam göndəririk. Hətta onu da deyim ki, məşqdə sərt ifadələr işlədə bilən İqor Yevdokimoviç Turçin heç vaxt mənə səsini də qaldırmayıb" – həndbolçu qeyd edir.
İdmançı xatırlayır ki, Olimpiada ərəfəsində onun praktiki olaraq asudə vaxtı olmayıb. Qış toplantıları yaz toplantıları ilə əvəz olunurmuş. Sonra isə əsl sınağın vaxtı çatıb.
Kosmosla rabitə
Larisa Savkina vurğulayır ki, Olimpiadadan ilk möhtəşəm təəssüratı oyunların açılışı mərasimi zamanı alıb.
"Pafos kimi görünsə də, deməliyəm ki, biz fəxr edirdik. On minlərlə idmançı, artist, uşaq stadiondakı möhtəşəm şouda iştirak edirdi. Açılış zamanı ekrandan idmançıları bizim kosmonavtlarımız Leonid Popov və Valeri Ryumin salamlayanda və yaxşı start və qələbə arzulayanda, bu bizim üçün inanılmaz yenilik oldu. Kosmosla birbaşa rabitə!" – idmançı qeyd edir.
Savkina özünü xüsusi qəhrəman hesab etmir. Onu daha çox əsas vaxtda ehtiyat oyunçular skamyasında oturmağı narahat edirmiş.
"Öz komandamda, "Avtomobilçi"də,mən əgər isinmə hərəkətləri edirdimsə, dərhal meydançaya gedirdim və sonadək orada işləyirdim. Hansısa dəqiqədə məni əvəz edirdilər, bir az dincəlməyim üçün. Olimpiya oyunlarında isə mən əsasən ehtiyat oyunçular skamyasında olurdum. Düzdür, əlbəttə, elə anlar olurdu ki, qızlar zədə alırdılar və mən oyuna daxil olurdum. Yeddi-səkkiz il əvvəl məni Olimpiada-1980-in oyunlarından birini şərh etməyə çağıranda özümü meydançada gördüm və hətta reaksiya da verdim: "Oy! Sən demə, mən də oynamışam!" Amma bu bir neçə dəqiqə çəkirdi" – Savkina xatırlayır.
Zirvədə
Moskvada Azərbaycandan olan gənc idmançı qızın dəstək qrupu yox imiş. Valideynləri ona televizorla azarkeşlik edirmişlər. Onu da həmişə yox, çünki həndbol oyunlarının Mərkəzi televiziya ilə heç də hamısını göstərmirmişlər. Qız onlara komandanın uğurları barədə telefonla xəbər verirmiş.
"Evə zəng etmək üçün mən Olimpiya kəndindəki teleqrafa qaçırdım. Hər axşam valideynlərimlə zəngləşirdik və mən onlara nəticələri deyirdim. Telefon kabinələri bir-birindən şəffaf plastik və ya şüşə ilə ayrılmışdı. Yəni, danışılanlar eşidilirdi. Yadımdadır, avstriyalı bir üzgüçü zəng zamanı narazılığını bildirirdi: "Təəssüratlarım pis deyil. Amma hər yerdə polis, milis var, hər yerdə bizə nəzarət edirlər. Bu dəhşətdir! Axı biz azad insanlarıq! Belə necə ola bilər?" Mən bunu eşitdim. O zəngini bitirəndən sonra üzr istəyərək ona dedim: "Milis sizin rifahınız üçündür! Heç bir insident olmaması üçün. Bu məni narahat etmir. Nə olsun ki, Olimpiya kəndinə bir neçə məntəqədən keçib gedirik? Əvəzində siz burada sakit şəkildə yaşayırsınız və sizin başınıza 1972-ci ildə Münhendə olduğu kimi (İsrail idmançılarının girov götürülməsi – red.) heç nə gələ bilməz!" – həndbolçu xatırlayır.
Olimpiya kəndindən idmançıları tez-tez Moskvaya mədəni tədbirlərə - konsertlərə, filmlərə, teatrlara aparırmışlar.
"Bir dəfə "Satirikon" teatrına getmişdik və bizi geriyə Konstantin Raykin gətirirdi. Onun yanında deyəsən Nikolay Karaçensov da var idi. Onlar o dövrün superulduaları idilər" – Savkina əlavə edir.
Qadınlardan ibarət həndbol üzrə SSRİ yığmasının idmançıları üçün əsll apofeoz fəxri kürsüyə qalxmaq olub.
"Əlbəttə, fəxri kürsüdə mən məşqçilərin və azarkeşlərin ümidlərini doğrultduğum üçün qürur və sevinc hissləri ilə dolu idim. Bayraq qalxanda və himn ifa olunanda fəxr edirsən və gözlərin yaşla dolur. Fəxri kürsüdən düşüb aoyunub-geyinmə otağına tərəf gedəndə bir jurnalist mənə yaxınlarşdı və təəssüratlarımı soruşdu. Onda ona heç nə deyə bilmədim. Amma məndə bir boşluq yaranmışdı, sanki həyatımın əsas vəzifəsini yerinə uetirmişəm və bundan sonra nə olacağı bilinmir. Bunu bir çox idmançılar hiss edirdilər. Sonra hər şey bərpa olundu, hər şey yenidən başladı" – idmançı deyir.
Kasparovdan mənzil
Bağlanış mərasimini sovet həndbolçuları canlı görməyiblər, evlərinə getdikləri üçün.
"Biz demək olar ki, evdə olmurduq. Ona görə də oyunların bağlanmasına 5 gün qalmış bizim yarışımız bitdikdə və bizə evə getmək təklif olunduqda, mən getməyə üstünlük verdim. Mən onda ərdə idim və ailəmi tezliklə görmək istəyirdim" – Olimpiya çempionu yada salır.
Hava limanında çempionu əri və məşqçisi qarşılayıblar. Sovet partiya məktəbinin binasında kiçik qəbul təşkil olunub. Məlumatlar olub ki, Azərbaycan SSR-in rəhbəri Heydər Əliyevlə görüş olacaq, lakin bu baş verməyib. Amma bir müddət sonra Moskvada idmançılar üçün bayram ziyafəti verilib.
"Mən də Azərbaycandan xüsusi olaraq gəlmişdim. Məni xatirə nişanları ilə təltif etdilər, fəxri fərman da təqdim etdilər. Onu Ali Sovetin Rəyasət Heyətinin katibi Mixail Georqadza təqdim etdi. Mükafat verdilər. Qəribədir ki, biz bunu gözləmirdik. Mən heç bilmirdim ki, orada həmin dövr üçün çox böyük məbləğdə pul mükafatı olacaq. O pula ərimlə mən, bir az da məbləğ əlavə edərək son model "Jiquli" ala bildik. Həmin vaxt bu üç min rubldan çox məbləğ idi. Moskvadan Azərbaycanda köçürüldüyü üçün o məbləğdən müəyyən faiz də çıxıldı. Yəni, həmin vaxt üçün az pul deyildi, indiki kimi çox da deyildi. İndi mən insanlara görə sevinirəm. Əgər dövlətin maşın bağışlamaq imkanı varsa, niyə də olmasın? Bu onların haqqıdır. Lakin indi insan elədir ki, ona stimul vermək lazımdır və onda o, böyük nəticələrə can atacaq" – Savkina bildirir.
Bir müddətdən sonra çempiona yeni mənzil də verilib.
"Mənə verilən bu mənzil əvvəl Harri Kasparovun olmuşdu. Ona, dünya çempionluğuna namizəd kimi İdman Komitəsi daha geniş və yaxşı mənzil verdi. Sonra mən adi məşqlərə qayıtdım. Deyə bilmərəm ki, mənim hansısa xüsusi güzəştlərin var idi. Mən SSRİ yığmasının üzvü kimi stipendiya alırdım. Həmin vaxt bu məbləğ 220-250 rubl idi. Təbii ki, indiki olimpiyaçıların maaşları ilə ilə müqayisə etmək olmaz" - çempion deyir.
Bir müddət keçdikdən sonra isə Larisa Savkina adi Bakı gimnaziyasında ingilis dili müəllimi işləməyə başlayıb.
"Mən məktəbə təsadüfən gəldim. Məni müvəqqəti olaraq cəlb etdilər, amma 20 il işlədim. Mən həmişədən ingilis dilini yaxşı bilirdim. Komanda ilə xaricə səfərə gedəndə ünsiyyəti əsasən mən qururdum. Sonra ingilis dili kurslarını bitirdim, məktəbə işləməyə gedəndə isə ikinci ali təhsil aldım" – Savkina xatırlayır.
Artıq Rusiyaya köçdükdən sonra Larisa Savkina yenidən uşaqlarla işləməyə başlayıb. Bu dəfə "Olimpiya əfsanələri – Rusiyanın uşaq və gənclərinə" xeyriyyə proqramı çərçivəsində. O Kalininqraddan Yujno-Saxalinskə qədər bir çox şəhərlərdə olub. Və onun sözlərinə görə, çoxdan keçirilmiş Olimpiadanın mükafatçılarının xatırlanması və yaxşı qarşılanması Savkinanı təəccübləndirib.