BAKI, 20 iyul – Sputnik. 20 iyul 2020-ci il tarixində Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə X. Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursatın göndərildiyini qarşı tərəfə bildirib.
O, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minomyotlardan istifadə edildiyini, sərhədyanı yaşayış məntəqələri və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycanın hərbi qüvvələrinin mövqelərinin artilleriya və minomyot atəşlərinə məruz qaldığını, Ermənistan hərbi qüvvələrinin xain hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 10 hərbi qulluqçusunun, o cümlədən bir nəfər sərhəd kəndinin sakininin həlak olduğunu qeyd edib.
Nazir müavini Azərbaycan Respublikası və Serbiya Respublikası arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu, bu xüsusda, 2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamənin və 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planının imzalandığını Serbiya müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb.
Həmin sənədlərdə Azərbaycan və Serbiyanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığı qeyd olunub.
Nazir müavini xatırladıb ki, strateji tərəfdaşlıq sənədinə əsasən tərəflər sülhə və sabitliyə təhlükə zamanı adekvat reaksiya vermək məqsədilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı prioritet istiqamətlər kimi müəyyən etmişlər.
X. Xələfov bildirib ki, Azərbaycan Respublikası iki ölkə arasında strateji tərəfdaşlığa sadiq qalaraq çətin vaxtlarda dost Serbiyaya həmişə yardım əlini uzadır və bu Serbiya rəhbərliyi tərəfindən dəfələrlə minnətdarlıqla qeyd edilib. O bildirib ki, Azərbaycan Serbiyanın ərazi bütövlüyünə dəstək məsələsində də hər zaman ardıcıl mövqe nümayiş etdirib.
Nazir müavini, Ermənistana silah göndərilməsi məsələsinin hər zaman, o cümlədən də ikitərəfli əlaqələrimizin gündəliyində duran həssas bir mövzu olduğunu vurğulayıb.
Bu xüsusda, Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirilib.
Nazir müavini Azərbaycan tərəfinin Ermənistanın Cənubi Qafqaz istiqamətində vəziyyətin destabilizasiyasına səbəb olan, regiondakı təhlükəsizlik və sabitliyə xələl gətirən hərbi təxribatının məkrli dərin qatlı məqsədlərinə işarə edərək, Serbiya Respublikasından izahat və bu cür hərəkətlərə gətirib çıxaran səbəblərin aradan qaldırılmasını gözlədiyini bildirib.
Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib, baş vermiş bu hadisələrdən təəssüf hissi keçirdiyini və bu hadisələrin Serbiya-Azərbaycan strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğunu qeyd edib.