SƏHİYYƏ

Pandemiya zamanı stressin idarə edilməsi üçün bəzi nüanslara diqqət etmək lazımdır

Səhiyyə Nazirliyinin yanında fəaliyyət göstərən Təcili Psixoloji Yardım Mərkəzinin rəhbəri Günel Əliyeva COVİD-19 pandemiyası zamanı stresin idarəedilməsi barədə danışıb
Sputnik

BAKI, 20 iyul — Sputnik. COVİD-19 infeksiyasının yayılması müxtəlif şəkildə əhalinin bütün təbəqələrinə təsir göstərib. Bu prosesin ən neqativ nəticələrindən biri insanlarda stress və depressiya yarada biləcək emosional ruh düşkünlüyüdür. 

Tək ciyərimizi deyil, beynimizi də vurur: Pandemiya və ailələr - durum göz qabağındadır
Yaşından, cinsindən və sosial statusundan asılı olmayaraq, bütün insanlar narahatçılıq, təşviş, qorxu və hətta panik ataklar yaşaya bilər. Belə hallarda insanın həm dost və yaxınların dəstəyinə, həm də psixoterapevt və ya klinik psixoloqun peşəkar yardımına ehtiyacı ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, Təcili Psixoloji Xidmət şöbəsinin rəhbəri Günel Əliyeva verdiyi müsahibə zamanı bu kimi çətinliklərin öhdəsindən gəlmək yollarından söhbət açıb.

"Stresin qarşısını effektiv şəkildə necə almalı?" sualını cavablandıran həkim-psixiatr qeyd edib ki, stres - orqanizmin ətraf mühitin dəyişən şərtlərinə qarşı olan qoruyucu reaksiyasıdır. Stresin həm müsbət, həm də mənfi formaları mövcuddur. Müsbət stress insan orqanizmini dəyişkən ətraf mühitə uyğunlaşmaq üçün səfərbər edən müdafiə cavabıdır. Öz növbəsində mənfi stres (distres) müxtəlif psixoloji pozğunluqlara səbəb ola bilər.

"İnsan psixikası müxtəlif mənfi amillərə müqavimət göstərə bilir. Stresə davamlılığımız çox şeyə qadirdir və müəyyən stresə və dəyişikliklərə uyğunlaşa bilir. Lakin bəzən olur ki, insan distresin öhdəsindən gələ bilmir və bu öz növbəsində onun gündəlik həyatına mənfi təsir göstərir. Distres fonunda təcavüzkarlıq, yuxusuzluq, məzlum əhval, narahatlıq kimi hallar yaşana bilər. Bu hallar isə öz növbəsində alkoqoldan sui-istifadə, siqaret çəkmə və digər pis vərdişlərə səbəb ola bilər. Simptomların iki həftədən artıq davam etdiyi təqdirdə mütləq mütəxəssislə konsultasiya keçməyi tövsiyə edirəm" - deyərək, həkim-psixiatr fikrini söyləyib.

Onun sözlərinə görə, stresə davamlılığı artırmaq üçün kifayət qədər yuxu, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, gəzintilər və pozitiv insanlarla ünsiyyət kimi bir sıra üsullar mövcuddur. Günel Əliyeva qeyd etdi ki, "Bütün bu amillər distresin azalmasına və psixi vəziyyətin yaxşılaşması təsir edir".

"Yaxın adama stres zamanı necə kömək etmək olar?" sualını cavablandıran Günel Əliyeva bildirib ki, ilk növbədə emosional disbalansın səbəblərini müəyyən etmək üçün ona daha çox diqqət ayırmaq, onunla daim ünsiyyətdə olmaq lazımdır.

Hamiləlikdə stress yaşayan qadının övladı şizofrenik ola bilər

Həkim-psixiatr, həmçinin insanın streslə müstəqil mübarizə aparma üsulları barədə tövsiyələrini bölüşdü. "Əslində stresin öhdəsindən təkbaşına gəlmək o qədər də çətin iş deyil. Sadəcə özünüzü səfərbər edib, müxtəlif yollarla stres müqavimətinizin səviyyəsini artırmalısınız. Bunun ən effektiv üsulları bunlardır: fiziki (gündə 8 saatlıq normal yuxu, sağlam qidalanma, gündəlik 20-30 dəqiqəlik fiziki aktivlik, təmiz havada gəzintilər, yoqa), mental: (müsbət düşüncənin və optimizmin inkişafı, situasiyanın inkişafına gətirəcək yolları axtarmaq ) və emosional: (sevimli musiqi, yaxınlarla ünsiyyət, başqalara çətin vəziyyətdə yardım etmək)".

Həkim-psixiatr Günel Əliyeva müsahibəsinin sonunda vətəndaşlara bu sözlərlə müraciət edib: "Xalqımıza dəyişən mühitin şərtlərinə asanlıqla uyğunlaşıb, bütün çətinliklərin öhdəsindən gəlmək üçün mental, emosional və fiziki sağlamlıq arzulayıram".