Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 20 iyul — Sputnik. Bu ilin 5 ayında kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə 201 min 800 manat yığım olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 dəfə və ya 174 min 200 manat çoxdur. Sputnik Azərbaycan xəbər verir ki, 5 ayda bu sığorta növü üzrə sığorta ödənişləri isə olmayıb.
5 ayda kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə isə 1 milyon 94 min 800 manat yığım olub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Lakin həmin dövrdə kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə sığorta ödənişlərində isə 2 dəfə azalma olub.
Bəs, bu sığorta növləri üzrə yığımların artması və kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə sığorta ödənişinin heç olmaması və ya az olması nə ilə bağlıdır?
Sığorta üzrə ekspert İlkin İbrahimovSputnik Azərbaycan-a deyib ki, əvvəlki illərdə bu sığorta növləri üzrə yığımlar az olub: "Bunlar könüllü sığorta siniflərinə daxildir. Amma ötən il ölkədə Aqrar Sığorta Fondu yaradılıb. Məqsəd Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etməkdir. Məhsullar Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanacaq. Birgə sığortalanma fermerlərə dövlət dəstəyini gücləndirəcək, sığorta bazarını gücləndirəcək".
O bildirib ki, əvvəllər aqrar sığortaya maraq az idi: "Çünki sığorta ödənişləri üçün vətəndaşlardan çoxlu sənədlər tələb olunurdu. Lakin 2019-cu ildə ölkədə "Aqrar sığorta haqqında" qanun qəbul olunub, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və "Aqrar sığorta predmetinin tərkibini" təsdiqləyib. Bu Qərarlar 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. Hazırda Azərbaycanda aqrar sığorta mexanizmi formalaşır".
"Ölkəmizdə aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur. Dövlət-özəl sektor əməkdaşlığına əsaslanan bu model uğurludur. Aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanacaq və iki hissədən ibarət olacaq - aqrar sığortalı tərəfindən ödənilməli olan hissə və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə. Yəni sığorta haqlarının bir hissəsini dövlət ödəyəcək. Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi təsdiq ediləcək. Bu sahəyə dövlətin dəstəyi vacib idi", – deyə ekspert qeyd edib.
5 ayda sığorta ödənişinin olmaması və ya az olmasına gəlincə ekspert bildirib ki, ödənişin olmamasının səbəbi bu sahəyə marağın az olması və çoxlu sənədlərin tələb edilməsi olub: "Amma bundan sonra belə olmayacaq. Aqrar Sığorta Fondu elektron sistem yaradır və peyk vasitəsilə sahələrə nəzarət edəcək, məlumatlar əldə edəcək. Bu da sığorta ödənişlərinin verilməsini asanlaşdıracaq, çoxlu sənədlərin verilməsinə ehtiyac qalmayacaq. Aqrar sığortada elektron sistemin tətbiqi həm vətəndaşlar, həm də sığorta şirkətləri üçün rahatlıq yaradacaq. Məsələn, hansı ərazidə təbii fəlakətlər baş versə, bu, elektron sistemdə görünəcək. Əvvəllər isə bu hallar üzrə problemlər yaşanırdı. Sığorta şirkəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edirdi və bu proses aylarla uzana bilirdi. Yekunda isə sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı qərar qəbul olunurdu".
"Bundan sonra bu sığorta növləri üzrə yığımların daha da artacağı gözlənilir. Eyni zamanda bu istiqamətdə sığorta ödənişlərinin verilməsində də çətinliklər olmayacaq. Sığorta ödənişləri çox olduqca vətəndaşların da sığortaya marağı artacaq", – deyə o əlavə edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına görə, hər il üçün sığorta məhsulları müəyyən edilərək, həmin il yanvarın 15-dək Aqrar Sığorta Fondu tərəfindən rəsmi elan ediləcək. Bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur.
İcbari tıbbı sığorta ilə bağlı qaydalar aydınlaşdı – Nə qədər ödəyəcəyinizi bilin
Xatırladaq ki, dövlət başçısı avqustun 19-da "Aqrar sığorta haqqında" 2019-cu il 27 iyun tarixli qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalayıb. Aqrar Sığorta Fondu Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edəcək və onun fəaliyyətinə nəzarəti həyata keçirəcək. Fərmana əsasən, fondun ilkin nizamnamə kapitalı 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. 2020-ci və 2021-ci illərdə isə fondun nizamnamə kapitalı müvafiq olaraq 5 milyon manat və 3 milyon manat artırılacaq. Beləliklə, 2021-ci ildə fondun nizamnamə kapitalı 9 milyon manata çatacaq.
"Aqrar sığorta haqqında" qanuna görə, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır: təbii fəlakətlər; yanğınlar; bitki xəstəlikləri və zərərvericilər; yoluxucu xəstəliklər və zəhərlənmələr; vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; üçüncü şəxslərin hərəkətləri.