İQTİSADİYYAT

Pul, pul gətirər! Xərclədiyinizi nağd şəkildə cibinizə qoyub bir də xərcləyə biləcəksiniz

Ekspert: "Nağdlaşdırmaya görə limit minimum 5 manat, maksimum isə 500 manat müəyyən edilib. Bu addım risklərin qarşısını almaq üçün atılıb. Bu limit aylıq tətbiq edilir, yəni fiziki şəxs bir ayda ən çox 500 manat nağdlaşdıra bilər"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 iyul — Sputnik. Dövlət Vergi Xidmətinin www.edvgerial.az portalının daha bir funksiyası işə düşüb. Belə ki, artıq fiziki şəxs olan istehlakçılar geri aldıqları ƏDV-ni plastik kartlara köçürə və nağdlaşdıra bilərlər. İndiyədək isə vətəndaşlar geri qaytarılan vəsaitlə yalnız müxtəlif ödənişləri (mobil, kommunal, internet, TV və s.) həyata keçirə bilirdilər, yəni indiyədək portalda həmin funksiya aktiv deyildi.

Qeyd edək ki, həmin portal alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətinin qeydiyyata alındığı informasiya sistemidir.

İqtisadçı: "ƏDV-nin qaytarılmasını dövlətin növbəti maliyyə yardımı saymaq olar"

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Sputnik Azərbaycan-a deyib ki, artıq geri qaytarılan ƏDV-ni nağdlaşdırmaq mümkündür: "Sistem işə düşüb və nağdlaşdırmaya görə limit var. Nağdlaşdırmaya görə limit minimum 5 manat, maksimum isə 500 manat müəyyən edilib. Bu addım risklərin qarşısını almaq üçün atılıb. Bu limit aylıq tətbiq edilir, yəni fiziki şəxs bir ayda ən çox 500 manat nağdlaşdıra bilər. Əgər 5 manatdan aşağı məbləğ varsa, bunu nağdlaşdırmaq olmur".

"Nağdlaşdırma prosesi çox sadədir. Vətəndaş sözügedən portalda balansına oturan məbləği bank kartına köçürüb sonra onu nağd şəkildə götürə bilər. ƏDV məbləğini nağdlaşdıran zaman da faiz tutulmayacaq", – deyə o bildirib.

ƏDV istehlakçılara qaytarılacaq - Prezident mühüm fərman imzaladı

Qeyd edək ki, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilib. ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.

Xatırladaq ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.