Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 19 iyul — Sputnik. Bu gün dünyanın müxtəlif ölkələrində COVİD-19-la mübarizəyə paralel olaraq siqaretə tələbat kəskin aşağı düşüb. Belə ki, təkcə İngiltərədə 1 milyon nəfər siqaretdən imtina edib. Bu ölkədə aparılan araşdırmalar zamanı bəlli olub ki, apreldən bu yana siqaretə tələbat kəskin azalıb. Son on il ərzində ilk dəfədir ki, Britaniyada siqaretə tələbat rekord həddə aşağı düşüb.
Araşdırmanın nəticəsinə əsasən, son 4 ayda siqaretdın imtina edənlərin 41 faizi məhz yayılan pandemiyaya görə bu addımı atıb. Bu arada İngiltərə hökuməti siqaret çəkənlərin COVID-19-u daha ağır keçirdiyi barədə xəbərdarlıq edib.
Çəkənlər COVID-19-a yoluxduqları təqdirdə düşəcəkləri stress vəziyyətində siqaretdən imtinanın çətin olacağını düşünərək, daha öncədən sağlamlıqlarının qeydinə qalıblar. İmtina edənlərin bir qismi isə hətta sağaldıqdan sonra siqareti atdıqlarını bildiriblər.
Araşdırma nəticəsində o da bəlli olub ki, siqaret çəkənlər digərləri ilə müqayisədə iki dəfə artıq xəstəxanaya yerləşdirilir. Siqaret çəkənlərin ölüm riski də digərləri ilə müqayisədə 1.8 dəfə çoxdur.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də artıq bu istiqamətdə müəyyən addımlar atılıb. ÜST COVID-19 xəstəliyinin nikotin qəbul edənlər üçün ağır fəsadlarını nəzərə alaraq, nikotin asılılığına qarşı kampaniyaya start verib. Sputnik Azərbaycan-ın məlumatına görə, kampaniyanın məqsədi dünyada ümumi sayı 1,3 milyard nəfərə çatan nikotin istifadəçilərini bu vərdişdən əl çəkməyə, eləcə də terapiya imkanlarından yararlanmağa sövq etməkdir.
ÜST-nin Baş direktoru Tedros Qebreyesus bildirib ki, koronavirus pandemiyası siqaretdən əl çəkmək üçün əsl fürsət rolunu oynaya bilər. Statistik araşdırmalara görə, siqaret çəkənlərin 60 faizi bu vərdişi tərgitmək arzusundadır və beynəlxalq qurum onları bu istiqamətdə dəstəkləyəcək. Müraciət edən şəxslərə müxtəlif terapiya imkanları təqdim ediləcək, xüsusi mobil tətbiq vasitəsilə məsləhət və tövsiyələr veriləcək. Kampaniyaya İordaniyada start veriləcək və yaxın aylarda dünyanın digər ölkələrində də təqdim ediləcək. İordaniya gənclər arasında nikotin aludəçilərinin həddən çox olmasına görə seçilib.
Bəs, Azərbaycanda bu istiqamətdə vəziyyət necədir?
İyulun 1-dən Azərbaycanda siqaretin qiyməti 10 qəpik qalxıb. Bundan başqa, artıq bir neçə gündür ki, topdansatış mərkəzlərində siqaretin satışının məhdudlaşdırıldığı bildirilir.
"Tobacco"nun 2019-cu ilə olan məlumatına görə, hər il 12 mindən artıq insan tütün və tütün məhsullarının yaratdığı fəsadlara, müxtəlif xəstəliklərə görə dünyasını dəyişir. Statistikada qeyd olunur ki, Azərbaycanda tütün və tütün məhsullarından asılılıq kişilərin ölümündə 23 faizədək rola malikdir. Bu rəqəm göstərir ki, ölkəmiz İnsan İnkişafı İndeksinə görə, inkişaf etmiş ölkələrdən daha bədbin nəticələr əldə edib.
Qeyd olunur ki, hər gün 8 mindən artıq uşaq (10-14 yaşlarında) və yaşı 15-dən yuxarı olan 1 milyon 373 min yeniyetmə siqaret çəkir, tütünün təsiri altında olur. Azərbaycanda tütündən asılı olanların 2 faizini uşaqlar təşkil edir.
Həkim-ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a siqaretin insan orqanizminə təsirlərini şərh edib. Onun sözlərinə görə, artıq birmənalı şəkildə sübut edilib ki, siqaret çəkən hər 20 nəfərdən birinin ağ ciyərində fəsad olur.
"Siqaret ağciyər xərçəngi yaradır. Bu səbəbdən də xəstənin onkoloji anamnizi toplananda, siqaret çəkib-çəkmədiyi də qeyd olunur. Artıq COVID-19 fonunda da siqaretin zərərləri görülür. Belə şəxslərdə daha çox boğulma müşahidə edilir. Siqaretçəkmə nəticəsində ağciyərləri zəifləyən və koronavirusa yoluxan şəxslər arasında ölüm halları daha çox olub", - deyə Qeybulla bildirib.
Həkimin fikrincə, siqaretin antireklamı elə qurulmalıdır ki, ondan istifadə azalsın: "Antireklamın mexanizmi dəyişdirilməlidir. Siqaret qutularının üzərindəki "Siqaret çəkmək öldürür" kimi ifadələr artıq insanlar üçün adiləşib və onlar buna heç fikir vermirlər. Reklamların mətni də dəyişdirilməlidir. Reklam ictimai rəyə təsir edən formada qurulmalıdır".
A.Qeybulla onu da əlavə edib ki, siqaretin tərkibindəki karbohidratlar birbaşa insan orqanizminə çox mənfi təsir edir. Gün ərzində nə qədər çox siqaret çəkilirsə, ağciyər də bir o qədər zədələnir. Bundan başqa, yanaşı xəstəliklərin olması, fiziki aktivliyin olmaması da siqaretin neqativ təsirlərini artırır.