CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: Heç bir təxribatçı qüvvə bu birliyi poza bilməyəcək

Deputat: "Tutduğu vəzifədən, kimliyindən asılı olmayaraq hər kəsin bir olması əslində Dövlətlə Millətin birliyinin bariz nümunəsi idi".
Sputnik

BAKI, 15 iyul — Sputnik. Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli son günlər Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı müraciət ünvanlayıb.

Vətən və Millət uğrunda canlarından keçmiş şəhidlərimizin əziz ruhlarını hörmətlə yad edən millət vəkili vurğulayıb ki, erməni işğalçılarının Azərbaycan torpaqlarını yenidən qəsb etmə cəhdinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən peşəkarlıqla alınıb: "Millətimizin başı sağ olsun! Əsgərləri ilə bərabər ön cəbhədə savaşaraq bu millət, bu Vətən üçün şəhid olan general-mayor Polad Həşimovun və digər şəhidlərimizin şəhadəti bizi üzməklə yanaşı qürurlandırdı. Və eyni zamanda vətəndaşlarımızın dövlətimizə və ordumuza möhtəşəm dəstəyi isə gücümüzə güc qatdı".

İnanılmaz təzad - indi uşaqları infeksiya yox, rahat həyat əlimizdən alır

Müraciətdə daha sonra bildirilir: "Dünən şəhid generalımızla vidalaşa bilmək üçün hər kəs bir araya gəldi, polislərimizlə, dövlət və hökumət nümayəndələri ilə bərabər bu böyük qəhrəmanla son görüşə getdik. Tutduğu vəzifədən, kimliyindən asılı olmayaraq hər kəsin bir olması əslində Dövlətlə Millətin birliyinin bariz nümunəsi idi. Bütün dünyaya bir daha aydın oldu ki, bu birliyin gücü istənilən an işğal altındakı torpaqları azad etmək əzmindədir! Bu birlikdən qorxan bəzi qüvvələrin təxribatçı hərəkətləri isə heç bir nəticə verməyəcək! Heç bir təxribatçı qüvvə bu birliyi poza bilməyəcək!"

Millət vəkili gecə saatlarında Milli Məclisə qarşı baş vermiş təxribatı törədənlərin cəzalandırılmasını da tələb edib.

"Milli Məclis Azərbaycan Vətəndaşının azad iradəsi ilə seçilmiş vəkillərin təmsil olunduğu dövlət qurumudur. Bu binanın hər daşında tariximizin izləri vardır. Millətin təmsil olunduğu dövlət qurumuna, tarixinə uzadılan əl kəsilməli, təxribatçılar qanunvericiliyə uyğun şəkildə cəzalandırılmalıdır. Azərbaycan xalqı üçün həssas olan Qarabağ məsələsində dövlət və millət birliyinə xələl gətirməyə kimsəyə izn verilməyəcək!" - Məmmədli bəyan edib.