Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 1 iyun — Sputnik. VI çağırış Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a müsahibəsində hazırda ölkəmizdə uşaqlar arasında hansı xəstəliklərin geniş yayılmasından, uşaqları koronavirus pandemiyasından qorumaq üçün valideynlərin nə etməli olduğundan və digər məsələlərdən danışıb. Müsahibəni təqdim edirik:
- Müşfiq müəllim, ilk öncə öz haqqınızda məlumat verməyinizi xahiş edirik və necə oldu ki, deputat olmaq qərarına gəldiniz?
- Mən 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilmişəm. Həkim kimi uzun müddətdir ki, fəaliyyət göstərirəm. 1972-ci ildə Sumqayıtda anadan olmuşam və həkimlik fəaliyyətim də Sumqayıtla bağlıdır. 2016-cı ildən Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi işləyirəm. Uzun müddətdir ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Siyasi fəaliyyətim YAP Sumqayıt şəhər təşkilatının nəzdində olub. Sonra elə həmin təşkilatda siyasi şuranın üzvü seçilmişəm. Siyasi fəaliyyətim Yeni Azərbaycan Partiyasının tərkibində və partiyanın Sumqayıt şəhər təşkilatında siyasi şuranın daxilində olub. Yeni Azərbaycan Partiyasının rəhbərliyi tərəfindən mənə etimad göstərildi və 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədliyim irəli sürüldü. Mənə etimadın göstərilməsi böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, həm də böyük məsuliyyətdir. Partiyanın dəstəyi ilə kifayət qədər səs çoxluğu ilə seçkini qazandıq və mən deputatlıq fəaliyyətinə başladım.
- Ötən illərin praktikası göstərir ki, bəzi deputatlar mediaya qapalı idilər. Yeni islahatlar fonunda deputat-media əlaqələri necə olmalıdır?
- Həkimlik fəaliyyəti dövründə daim mediaya açıq olmuşuq. Əgər qərəz yoxdursa, mediadan qaçmağa ehtiyac yoxdur. Təbii ki, medianın da məsuliyyətli olmağı vacibdir. Fikrimcə, mediaya hər zaman açıq olmaq lazımdır. Son dövrlər Milli Məclisin həyatında müsbət mənada böyük dəyişikliklər olub, o cümlədən media ilə münasibətlərdə. Deputatların fəal olması çox mühüm məsələ kimi qarşıya qoyulub. Milli Məclisin Sədri Sahibə Qafarova bu məsələlərə çox böyük önəm verir. Düşünürəm ki, fəallığı daha da artırmaq lazımdır.
Bəzən mediada fikirlər kontekstdən çıxardılır. Amma siyasi fəaliyyətlə məşğul olan insan hər bir açıqlamasına, hər bir kəlməsinə diqqət göstərməli, fikirlərini dolğun ifadə etməlidir. Mediaya açıq olduqda, öz fikirlərini onlara dolğun şəkildə çatdırdıqda, problem yaranmır.
- Xüsusi karantin rejimi dövründə vətəndaşların birbaşa qəbulu mümkün deyil. Seçiciləriniz ilə görüşləri necə həyata keçirirsiniz? Və seçicilər əsasən hansı məsələləri qaldırırlar?
- Koronavirus pandemiyası bütün dünyada hər bir fəaliyyətə çox böyük korrektələr gətirdi, o cümlədən seçicilər ilə görüşə. Biz hər birimiz xüsusi karantin rejiminə əməl etmək məcburiyyətindəyik. Ancaq həyat yerində dayanmır, biz fəaliyyət göstərməliyik, seçicilərin problemləri ola bilir. Bəzən seçicilərin müəyyən problemlərini müvafiq qurumlar qarşısında qaldırmağa görə əlaqələrin yaradılması vacibdir. Koronavirus pandemiyasının gətirdiyi yeniliklərdən biri videomüraciətlər oldu və biz müxtəlif onlayn platformalar üzərindən seçicilər ilə əlaqələr yaratmağa başladıq. Seçicilərimiz ilə bu formada əlaqə saxlayırıq, problemləri ilə maraqlanır və onları həll etməyə çalışırıq. Bizim qərargahımız Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatında yerləşir. Bundan başqa, məktublar, müxtəlif ərizələr vasitəsilə Milli Məclisin saytına müraciətlər edilir.
- Azərbaycanda pandemiyadan sonrakı dövrdə səhiyyə sahəsinin daha inkişaf etdirilməsi üçün parlamentdə hansı məsələlərin qaldırılmasını vacib hesab edirsiniz?
- Azərbaycanda səhiyyə sahəsində çox mühüm islahatlar həyata keçirilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətə başlamasını, icbari tibbi sığortaya keçidi buna misal göstərmək olar. Məsələn, Türkiyədə icbari tibbi sığorta modelinin tətbiqi ilə bağlı islahatlar hələ də davam edir. Azərbaycanda da bu istiqamətdə çətinliklər var. Üstəgəl pandemiyanın ortaya çıxması dünyanın nəhəng səhiyyə sistemlərində belə böyük problemlər yaratdı. Bütün bu risklərə baxmayaraq, biz icbari tibbi sığortaya keçidi həyata keçirməyə başladıq.
Bundan sonrakı mərhələdə isə səhiyyə sistemimizdə çox böyük dəyişikliklər gözlənilir. Burada artıq səhiyyə müəssisələrinin optimallaşmasından, səhiyyənin maliyyələşməsinin müxtəlif mənbələr hesabına artırılmasından, səhiyyə müəssisələrinin avadanlıqlar, digər təchizat materialları ilə yenidən təmin olunmasından və s. söhbət gedir.
Qarşımızda səhiyyənin maliyyələşməsi mexanizmində dəyişikliklər, yeni səhiyyə müəssisələrinin qurulması, rayon səhiyyə sistemlərinin regional tipli orqanlara çevrilməsi və digər məsələlər dayanır. Bu işlərin həyata keçirilməsi üçün də qanunvericilik bazası formalaşdırılmalıdır. Bu baxımdan işlərimiz çox olacaq.
- Pediatr olaraq, sizcə, uşaqları koronavirus pandemiyasından qorumaq üçün valideynlər nə etməlidirlər?
- Pandemiya dövründə ilk vaxtlar dünyada insanlar arasında belə bir arxayınçılıq var idi ki, uşaqlar koronavirusa yoluxmurlar. Ancaq zaman onu göstərdi ki, bu, yanlış fikirdir, uşaqların da koronavirusa yoluxması müşahidə olunur. Uşaqlarda ən təhlükəli hal ondan ibarətdir ki, koronavirus xəstəliyinin gedişi böyüklərə nisbətən bilinmədən, görünmədən gedir, amma daşıyıcı olaraq digər insanları yoluxdurma ehtimalı çoxdur. Biz valideynlər qarşısında hər zaman məsələ qaldırırıq ki, uşaqlarınızı əhalinin sıx toplaşdığı yerlərə aparmayın. Valideynlər məktəblərin və bağçaların bağlanmasını anlayışla qarşıladılar.
Digər tərəfdən, valideynlər arasında iş aparılır ki, peyvəndlənmənin davam etdirilməsi çox önəmlidir. Uşaqlar xəstələnərkən, onların hərarəti olarkən lazımsız preparatlardan istifadə etməmək, qidalanmanın önəmi barədə valideynlər arasında iş aparılır. Məsələn, araşdırma var ki, zülal mənşəli qidalardan çox istifadə olunan cəmiyyətlərdə pandemiyanın yayılma sürəti daha azdır. İndiyədək Sumqayıtda uşaqlar arasında yoluxmanın faizi çox aşağı olub, ağırlaşmalar, demək olar ki, olmayıb, ölüm hadisəsi olmayıb.
- Hazırda Azərbaycanda uşaqlar arasında geniş yayılmış xəstəliklər hansılardır?
- Mövsümi xəstəliklər hər zaman olduğu kimi aktualdır. Amma bu xəstəliklər illər üzrə dəyişə bilər. Bəzən yuxarı tənəffüs yollarının xəstəlikləri bir il daha çox ola bilər, digər il isə aşağı ola bilər və s. Bunlar dövri şəkildə müəyyən bir ardıcıllıqla gedir, amma təhlükəli formalarda artım müşahidə olunmur. Yəni normal orta statistik göstəricilər şəklində gedir. Məsələn, bir ara MDB ölkələrində qızılca həddindən artıq sürətlə yayılmışdı və Azərbaycanda da belə təhlükə ola bilərdi. Amma vaxtında aparılmış immunizasiya nəticəsində bizdə belə bir vəziyyət yaşanmadı. Vərəmlə mübarizədə çox böyük uğurlar əldə olunub. Uşaqların vərəmə yoluxma halları ilə bağlı ciddi şəkildə azalmalar var.
Azərbaycanda əhalinin həyatı üçün təhlükə - Bu xəstəliklər az qala epidemiya halını alır>>
Amma indi uşaqlar arasında daha çox irsi xəstəliklərdə, anadangəlmə qüsurlarda müəyyən qədər artım müşahidə olunur. Bu da ətraf mühitin zərərli amillərinin hamiləlik dövründə analara təsiri ilə əlaqələndirilir. O cümlədən, bəzi qidalardan istifadəyə çox diqqət yetirmək lazımdır. Düzgün və proporsional qidalanmaq lazımdır. Aktiv həyat tərzi sürmək lazımdır. İndi uşaqlarda artıq çəki problemləri bir qədər ön plana çıxır. Artıq çəki ilə əlaqədar olaraq şəkərli diabetə erkən yaşlarda daha çox rastlanır. Əvvəlki dövrlərdə uşaqlar arasında infeksiyon xəstəliklərdən ölümlər daha çox idisə, indi artıq yaşamaq komfortunun artması ilə əlaqədar olan xəstəliklərdən daha çox ölümlər meydana çıxmağa başlayıb. Amma anadangəlmə qüsurlar isə hələ ki, öz aktuallığını saxlayır.
- Həkimlik fəaliyyəti dövründə qarşılaşdığınız maraqlı hadisələr hansılar olub?
- Həkimlik fəaliyyəti dövrümdə kifayət qədər maraqlı faktlarla qarşılaşmışam. Cəbhə bölgəsində həkim kimi xidmət edərkən heç vaxt unuda bilməyəcəyim bir hadisə ilə rastlaşdım. Bizim əsgərlərimizdən biri minaya düşmüşdü və orqanın itirilməsini və buna görə ağrıların nə dərəcədə olmasını bir həkim kimi yaxşı bilirəm. Amma bizim əsgərimizin qəhrəmanlığı ondan ibarət idi ki, mənə söylədi ki, telefonumu söndür, birdən telefonuma zəng gələr və atam olar. Atam ikinci qrup əlildir və ürəyi xəstədir. Qoy bilməsin, ona pis təsir edər. Onda mən insanın nə dərəcədə öz valideyninə böyük sevgi ilə yanaşdığının şahidi oldum. Yəni bir orqanını itirmiş əsgər atasının ürəyinə yük salmamaq barədə fikirləşir. Bu hadisəni heç vaxt unutmayacağam.
Maraqlı hadisələr çox olub. Digər bir hadisə 3 il bundan öncə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan onlarla uşaqda rotavirus infeksiyasının aşkar edilməsi idi. O vaxt kiçik miqyaslı su mənbələrində meydana çıxmış problemlə əlaqədar olaraq uşaqlar arasında rotavirus infeksiyası yayıldı və kütləvi şəkildə bizə müraciətlər oldu. Həmin vaxt biz Səhiyyə Nazirliyinin yardımı ilə, şəhər strukturlarının köməyilə, o cümlədən bütün səhiyyə işçilərinin səfərbərliyi ilə kütləvi xəstə axınının qarşısını aldıq. Uşaqlar sağaldılar, bir ağırlaşma, bir ölüm hadisəsi olmadan belə bu işin öhdəsindən gəldik. Bu da ölkə ictimaiyyəti tərəfindən çox müsbət qarşılandı. Həyatda qazandığım uğurlara görə Yeni Azərbaycan Partiyasına və həkimlik sənətimə minnətdaram.