YAZARLAR

Birlik, həmrəylik məqamı və keçməməli olduğumuz "qırmızı xətt"

Bəli, heç bir torpaq, heç bir ərazi insandan daha dəyərli deyil. Ancaq o torpaq parçası sənin dövlətinin, vətəninin işğal olunmuş, əlindən alınmış ərazisidirsə, vəziyyət dəyişir.
Sputnik

Aylardır cəmiyyətimiz çox böyük gərginlikdə yaşayır və pandemiya həyəcanın üzərinə müharibə xofunu, şəhid xəbərlərini gəlsək, insanların nə qədər çaşqın, əndişəli olduğunu təsəvvür etmək elə də çətin deyil.

Əvvəl koronovirusla, karantinlə bağlı xəbərləri gərginliklə gözləyirdik, indi cəbhədən gələn xəbərləri "dörd gözlə", narahatlıqla gözləyirik.

Karantin şərtləri, tüğyan edən pandemiya, bizi evimizə qapadan xəstəlik, müharibə xofu, şəhid xəbərləri kefimizi pozsa da, ordumuzun cəbhə xəttində ən kiçik bir uğuru ovqatımızı yüksəldir.

Nəfəsimizi qısıb əməliyyatların, proseslərin nəticələrini gözləyərkən gündəmimiz yenidən Qarabağ, itirilmiş torpaqlardır. Halbuki bütün torpaqlar azad olunana qədər, bizim əsas gündəmimiz, trendimiz Qarabağ olmalıdır. Bu fikirlərimi pafossuz, səmimi-qəlbən yazdığıma bütün varlığımla inanıram.

Düzünü deyim ki, illər keçdikcə cəmiyyətin Qarabağı, itirilən torpaqları unudacağından qorxuram. Qarabağsız doğulan, Qarabağsız yaşamağa alışan bir nəsil yetişir.

Təəssüf ki, cəbhə xəttindəki gərginliyə, döyüşlərə, itkilərə fərqli reaksiyalar var. Hətta müəyyən qəddar reaksiyalar, vətəndaşlarımızın müharibəyə, döyüşə, savaşa, əsgərimizə və şəhidimizə münasibəti məni bəzi məqamlarda dəhşətə gətirir. Təsəvvür edin ki, 25 yaşlı şəhidin dəfnində təxminən o yaşlarda bir jurnalist(?), müsahibə verən şəhid atasının gözləri qarşısında, guya bayrağı gözlərinə sıxıb ağlayır, başqa bir həmkarı isə onun fotosunu çəkir. Az keçmir ki, həmin jurnalist(?) bu qurama fotosunu sosial şəbəkələrdə "Günün fotosu" kimi paylaşıb yazır: "Jurnalist Filankəs şəhidin dəfnində göz yaşlarına hakim ola bilmədi".

Bu artıq vətənpərvərlik, vətənə sevgi, şəhidə sayğı deyil, bu sosial şəbəkələrdə məşhur olmaq üçün ucuz populizmdir. Yarası qaysaq bağlamamış şəhid atasının gözləri önündə bunu etmək isə tərbiyəsizlikdir.

Uşaqlığım müharibə dəhşətlərindən yan keçməyib, kəndimizdə tanıdığım, söhbətlərinə maraqla qulaq asdığım cavanların şəhid olduğunu heç vaxt unuda bilmirəm.

O vaxt cəmiyyətin reaksiyasını anlamaq çətin deyildi. Hamımızın qarşısında ümumi, qanımıza susamış bəla olsa da, oğlunun döyüşə getməməsi üçün onu Rusiyaya qaçıran, bütün imkanlarını işə salıb övladını komissarlıqdan gizlədənlər də az deyildi. Yəni müharibənin ən qızğın dövründə də, müharibədən yayınan fərarilər, müharibəyə gizli-gizli etiraz edən pasifistlər vardı. Sadəcə internet, sosial şəbəkələr olmadığı üçün cəmiyyət bu mövzuları müzakirə edə bimirdi.

Şəxsən mən hər şəhid xəbəri gələndə müharibənin dəhşətini yenidən yaşayıram, bir daha müharibəyə nifrət edirəm, müharibənin necə böyük faciələrə səbəb oduğunu yenidən anlayıram. İstəmədən cəlb olunduğumuz və böyük itkilər verdiyimiz bu münaqişə illərdir öz həllini gözləyir və sülh haqqında danışılan nağıllar xalqı hər gün bir az da bezdirir. Nə qədər qəbul etməsəm də, bütün reaksiyaları anlayıram...

Bəli, heç bir torpaq, heç bir ərazi insandan daha dəyərli deyil. Ancaq o torpaq parçası sənin dövlətinin, vətəninin işğal olunmuş, əlindən alınmış ərazisidirsə, vəziyyət dəyişir.

Dövlətin ərazi bütövlüyü bütün dövrlərdə, bütün şərtlərdə ciddi məsələdir və vətənin taleyindən söhbət gedirsə, birlik, həmrəylik vacibdir.

Bütün sivil toplumlarda olduğu kimi bizdə də müharibə əleyhdarları var və qəbul etmək lazımdır ki, müharibəni pisləmək vətənə xəyanət deyil. Heç şübhəsiz ki, müharibə əleyhdarlarının da fikirlərinə sayğıyla yanaşmaq, onları da anlamaq lazımdır. Hətta sevinmək lazımdır ki, cəmiyyətimizdə fərqli fikirlər səsləndirmək cəsarətində olan insanlar da var. Müharibə əleyhdarları, "humanist" deyib ələ saldıqlarımız da müharibənin ciddiyyətini dərk edir.

Sadəcə unutmayaq ki, humanizmin dozası bir az artıq olanda, bu yaxınlarını, əzizlərini, qohumlarını müharibədə itirən insanlarda ikrah yaradır.

Ən azı inandığınız humanist dəyərlər xatirinə keçməməli olduğunuz "qırmızı xətti" nəzərə alın.

Müharibə əleyhinə çıxışlar etmək, müharibəni pisləmək hər kəsin haqqıdır. Ancaq günahsız, məsum şəhidlərin xatirəsinə sayğı duymaq, şəhid yaxınlarına ehtiram göstərmək hər bir Azərbaycan vətəndaşının borcudur. Bütün ideologiyalar tənqidə açıqdır – militaristlik də, pasifistlik də. Siz fərd olaraq müharibə əleyhinə çıxışlar edə, müharibəni pisləyə, ona nifrət edə bilərsiniz. Hətta xalqların, bəşəriyyətin qardaşlığına inana bilərsiniz. Bütün bunları heç kəsin qınamaq haqqı yoxdur. Təəssüf ki, cəbhədə atılan güllələr, partlayan mərmilər sizin ideologiyanızla üst-üstə düşmür. "Qarşı tərəf" dediyiniz, jurnalistika standartları gözlədiyiniz mətnlər, çağırışlar güllələr açılana qədər keçərlidir. Sənin sərhəd qoruyan əsgərini öldürən "qarşı tərəf" yüz illərdir sənin qanına susayan YAĞIdır.

Yersiz humanist dəyərlərdən danışanları anlamadığım kimi, klaviatura arxasında şirə dönən, şəxsi problemlərinin hikkəsi ilə çağırışlar edən, küçələrə tökülən şüarbaz militaristləri də anlamaqda çətinlik çəkirəm. Müharibə dövlətin siyasəti əsasında, dövlətin hərbi strategiyası ilə həyata keçirilir. Vətəndaş olaraq nəyi və nə zaman istədiyimizə diqqət etməliyik. Və siyasi düşüncəmizdən asılı olmayaraq bu cür həssas məqamlarda cəmiyyətdə xaos yaratmaqdan çəkinməliyik.

Belə məqamlarda həssas davranmağın tərəfdarıyam.

Hamımız üçün həssas olan "qırmzı xətti" keçərkən ehtiyatlı olmalıyıq.