BAKI, 14 iyul — Sputnik. Kreml Ermənistan və Azərbaycan sərhədində atışmalardan dərindən narahatdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Valdimri Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz Ermənistan-Azərbaycan sərhədindəki atışmalardan dərin narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq", - deyə Peskov Kremldə bu ölkələrin sərhədində baş verənləri necə dəyərləndirirlər sualına cavab olaraq bildirib.
"Biz artıq müxtəlif səviyyələrdə bəyan etmişik, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi nizamlanma prosesində vasitəçilik səylərini göstərməyə hazırdır. Bilirsiniz ki, Xarici İşlər naziri Lavrovun Bakı və Yerevandan olan həmkarları ilə intensiv telefon danışıqları baş tutub. Ona görə də hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq", - deyə Peskov qeyd edib.
Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, hücumun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.
Bu gün Müdafiə nazirinin müavini Kərim Vəliyev bildirib ki, iki sutka ərzində onlara sarsıdıcı atəş zərbələri endirilmişdir: "Onların 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obyektlər darmadağın olunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", o bildirib.
Erməni silahlı qüvvələrinin hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olub:
1) Mayor Əhmədov Namiq Hajan oğlu
2) Mayor Novruzov Anar Gülverdi oğlu
3) Gizir Zeynallı İlqar Ayaz oğlu
4) Gizin Babayev Yaşar Vasif oğlu
5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.