BAKI, 8 iyul — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya beynəlxalq silah bazarında rəqiblərini sıxışdırmağa davam edir və dünyada analoqu olmayan bir silahı – üçüncü nəsil "Armata" T-14 tankını irəli çıxarıb. Bu, Rusiya hərbi sənaye kompleksinin uğurlu inkişafından və döyüş maşınının texnoloji cəhətdən mükəmməlliyindən xəbər verir.
Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin Direktoru Dmitri Şuqayev iyulun 6-da bildirib ki, Moskva T-14 "Armata" markalı ən yeni tanklarını ixrac etmək niyyətindədir. Rusiya son dərəcə etibarlı və effektiv silah-sursat nümunələrini satır ki, onlar da rəqabət apardıqları digər məmulatları bazardan sıxışdıracaqlar.
Məsələ ondadır ki, T-14 dünyada yeganə üçüncü nəsl tankdır. Hətta Rusiya Müdafiə Nazirliyi bu unikal zirehli texnikanın hələ ki, 132 ədədi (T-14 tankları və "Armata" platformasına əsaslanan T-15 piyadaların ağır döyüş maşınları) üzrə müqavilə bağlamağa macal tapıb. Onların tədarük 2021-ci ilin sonuna qədər gözlənilir. Xaricə satış isə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin sifarişinin yerinə yetirilməsindən və döyüş maşınının ixrac versiyasının təsdiqlənməsindən sonra başlayacaq (mütəxəssislər hansı elementlərin xaricə gedə biləcəyini və hansı elementlərin yalnız Rusiya qoşunları tərəfindən istifadə ediləcəyini düşünürlər).
Yüksək texnologiyalı bu tank ucuz deyil – bir ədədinin qiyməti 7 milyon dollara qədərdir. Lakin "Armata"ya artıq Misir, Hindistan və Çin maraq göstərir. Yeri gəlmişkən, məşhur tanklar – Amerikanın "Abrams", Fransanın "Leklerk", Almaniyanın "Leopard", İsrailin "Merkava" tankları 6-12 milyon dollar qiymət intervalında satılır.
Ehtimal olunan müştərilər
Misir Rusiyadan 400-500 ədəd yeni T-90MS tanklarını almağa qərar verib və ehtimal ki, gələcəkdə T-14 tanklarını da sifariş edəcək. Hindistan 1770-ə qədər müasir tank əldə etməyi planlaşdırır və "Armata"nı da nəzərdən keçirir. Müqavilənin dəyəri təxminən 442 milyard rubldur (təxminən 6,1 milyard dollar). Yəqin ki, Çin də kənarda qalmayacaq.
Ən yeni Rusiya tankının yaxın xaricə ixrac həcmi isə hələ ki, müəyyənləşməyib. Sözsüz ki, T-14 MDB ölkələrinin müdafiə qabiliyyətinin möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan və Ermənistan əvvəllər də Rusiya istehsalı olan zirehli texnikanı fəal şəkildə alıb.
Rusiya dünya silah bazarının təxminən üçdə birini tutur. Bu gün "Rosoboroneksport" şirkətinin portfelindəki sifarişlərin dəyəri 55 milyard dollara çatır (ABŞ-dan sonra dünyada ikinci yer). Rusiyanın silah ixracının təxminən 15 faizi yerüstü texnikanın payına düşür.
Rusiya yeni tanklar bazarında liderə çevrilə bilib. Məsələn, yaxın gələcəkdə "Uralvaqonzavod" sifarişçilərə 2500-ə yaxın T-90MS tankını göndərəcək. Ən yeni T-14 tankı isə ixrac qələbələrinin layiqli davamçısı ola bilər.
Texnoloji üstünlük
T-14 düşmənlə bilavasitə təmasda mübarizə aparmaq, motoatıcı bölmələri dəstəkləmək, fortifikasiya qurğularını, sığınacaqlarda və açıq ərazidə yerləşən düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. "Armata" tankı Suriya Ərəb Respublikasının ərazisində döyüş şəraitində sınaqdan keçirilib. Tank iyulun əvvəlində ekipajsız idarə rejimində sınaqdan da uğurla keçib.
Unikal döyüş maşını insansız idarə edilən top qülləsinə, ekipaj üçün zirehli kapsula, 125 millimetrlik kalibrli topa (NATO-nun 120 mm-lik tank toplarından üstündür), modul konstruksiyasına və açıq rəqəmsal arxitekturaya malikdir.
T-14 tankında nişanlayıcı-operator və tank komandiri rəqəmsal interfeyslər vasitəsilə silahı idarə edir. Tankın atəş gücünün əsasını 125 millimetrlik yivsiz lüləli "2A82-1M" topu təşkil edir (onun döyüş komplektində yeni nəsil mərmilər və idarə olunan raketlər var).
T-14 tankının eşelonlaşdırılmış müdafiə sistemi "Afqanit" aktiv müdafiə kompleksinə (dünyada tank əleyhinə reaktiv və raket döyüş sursatları və zirehdələn mərmilərlə mübarizə aparmağa qadir yeganə sistem), istənilən istiqamətləndirmə sistemləri olan döyüş sursatlarına qarşı avtomatik sipər sisteminə, həmçinin "Malaxit" dinamik müdafiə kompleksinə (kumulyativ və kinetik döyüş sursatlarının təsirinin qarşısını alır) malikdir.
"Armata" dünyada prinsipcə yeni konstruksiyaya malik ilk tankdır və ilk olaraq bu döyüş maşını onu elektromaqnit spektrdə görünməz edən "stels" texnologiyasını əldə edib. "Armata" digər idarəetmə sistemləri ilə inteqrasiya oluna bilən vahid məlumat-i̇darəetmə sistemi (BİUS) ilə təchiz edilib. Yəni, T-14-ün hər bir ekipajı döyüş meydanında özbaşına deyil, vahid taktiki idarəetmə zənciri daxilində fəaliyyət göstərir. Bundan başqa, "Armata"nın ağır kateqoriyalı unifikasiya olunmuş tırtıl konstruksiyası əsasında T-15 piyadanın döyüş maşını və T-16 zirehli təmir-evakuasiya maşını yaradılıb.
Aparıcı ölkələrin mütəxəssisləri neçə illərdir ki, konstruksiya baxımından T-14-ə oxşar tank barədə düşünürlər. İrəliyə doğru hərəkət var, lakin hazırda yalnız Rusiya belə bir məhsulu təqdim edə bilir. Müqayisə üçün deyək ki, ABŞ-da yalnız "Future Ground Combat System" (Gələcəyin Yerüstü Döyüş Sistemi) vahid tırtıllı platforma hazırlanır. "Stryker" zirehli döyüş maşını isə tank deyil.
Dünyada "Armata"nın birbaşa rəqibi və ya analoqu yoxdur. T-14 ötən il inkişaf etmiş dövlətlərin ən yaxşı 12 döyüş maşınlarından ən yaxşısı seçilib. Rusiya tank istehsalı sahəsində bu texnoloji inqilabı təkbaşına edib və ciddi iqtisadi və hərbi-siyasi dividendlər əldə etməyi düşünür.