CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmlak bazarında son vəziyyət - qiyməti saxlamaq naminə söküntü başlayacaq

E.Fərzəliyev qeyd edib ki, köhnə binalardakı mənzillərin qiymətinin saxlanıla bilməsi üçün yaxın zamanlarda söküntülər başlayacaq. Köhnələr söküləcək və yerində yeni binalar tikiləcək.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Ölkədə tətbiq edilən xüsusi karantin rejimi bütün sahələrə təsir göstərdiyi kimi, daşınmaz əmlak bazarından da yan keçməyib. Mütəxəssislərin fikrincə, hazırda bazarda durğunluq müşahidə edilir. Vətəndaşların evdən xüsusi icazələrlə çıxması, bölgələrə gediş-gəlişin dayandırılması həyət və bağ evlərinə tələbatı artırıb. Bu da öz növbəsində qiymətlərə təsir edib.

Tikinti sektorunda “qara bazar” – Qanunlar hələ onlar üçün işləmir, amma az qalıb

Əmlak məsələləri üzrə ekspert Elnur FərzəliyevSputnik Azərbaycan-a bildirib ki, pandemiya daşınmaz əmlak bazarında ciddi durğunluq yaradıb.

Onun sözlərinə görə, əmlak alanların çoxu xarici ölkələrdə yaşayan azərbaycanlılar və yaxud rayonlarda fermer təsərrüfatı ilə məşğul olan şəxslərdir. Yollar bağlı olduğu üçün bu şəxslər paytaxtda əmlak yatırımı edə bilmirlər: "Eyni zamanda bəzi rayon qeydiyyatında olan vətəndaşlar var ki, onların Bakıda mənzilləri var, lakin çıxarışı olmadığı üçün qeydiyyatda deyillər. Bu şəxslər də bayram ərəfəsində rayonlara getdikləri üçün Bakıya buraxılmadılar. Bu da vətəndaşlarda tərəddüd yaratdı və daha əmlak almaq niyyəti olan da almaq istəmir".

Ekspert vurğulayır ki, əmlak bazarını idarə edən "makler"lərin fəaliyyətinə bu gün də Operativ Qərargahın müvafiq qərarı ilə icazə verilmir. Bu da bazara böyük təsir edir.

"Daşınmaz əmlakı idarə edənlər bu maklerlərdir. Fəaliyyətinə icazə olmadığı üçün bazar dayanıb. Ancaq bu durğunluq satış qiymətlərinə təsir etməyib, əksinə, həyət evi və torpaqların satış qiyməti artıb. Həyət və bağ evlərinin kirayə qiymətləri də artıb. Yeni tikilən kreditlə, ipoteka ilə satılan mənzil bazarında satış dayanmayıb. İpoteka ilə satılan mənzillərə bu gün də təlabat var", - deyən E.Fərzəliyev qeyd edib ki, əmlak bazarında durğunluğa digər səbəb isə koronavirus təhlükəsi ilə əmlak sahiblərinin alıcıları evlərinə buraxmamasıdır.

Ekspertin fikrincə, xaricdən alınan tikinti materiallarınn gətirilməsində yaranan çətinliklər qiymət artımına səbəb olur. Eyni zamanda bu tikinti materiallarının gətirildiyi ölkələrdə də pandemiya ilə əlaqədar qiymət artımı müşahidə edilir. Bu isə o deməkdir ki, tikinti materiallarının, torpaq sahələrinin qiyməti artdıqca tikiləcək mənzillərin də satış qiyməti artacaq. Bu sahədə qiymətlərdə enmə müşahidə edilmir.

E.Fərzəliyev qeyd edib ki, köhnə binalardakı mənzillərin qiymətinin saxlanıla bilməsi üçün yaxın zamanlarda söküntülər başlayacaq. Köhnələr söküləcək və yerində yeni binalar tikiləcək.

Növbə Cənubun incisinə çatdı: Lənkəranda nə edəcəklərini bilmirlər

Ümumi vəziyyət isə belədir: Həyət və bağ evlərinin kirayə qiyməti artıb, amma şəhərdə olan bina evlərinə tələbat olmadığı üçün qiymətlər düşüb. Yeni tikilən binalarda bahalı mənzillərə də tələbat yoxdur. Çünki bu binalarda xarici tələbələr qalırdılar. Hazırda həmin tələbələr öz ölkələrinə qayıtdıqları üçün kirayə qiymətlərində enmələr var.

Bölgələrdə, turistik zonalarda evlərin qiymətində artımlar müşahidə edilir. Çünki şəhərdən çıxa bilən vətəndaşlar bölgələrə üz tuturlar və bu da tələbatı artırır.

Obyektlərin kirayə qiymətlərində də enmə var.

Ekspert deyir ki, bir çox fəaliyyət sahələrinə məhdudiyyət qoyulduğu üçün obyektlər bağlı qalır. Bəzi sahibkarlar obyektləri bağlayır, fəaliyyəti dayandırırlar. Bəziləri isə ümidlə pandemiyanın bitməsini gözləyirlər. Fəaliyyət göstərən obyektlər əsasən aptek və marketlərdir. Onlayn fəaliyyət göstərən bəzi mağazaların isə demək olar ki, daha obyektə ehtiyacı yoxdur.

Obyektlərə tələbat azaldıqca qiymətlər düşür. Bu, həmin obyektlərin satış qiymətinə də təsir edəcək.

Ekspertin fikrincə, postpandemiya dövründə belə hələ bir müddət əmlak bazarında durğunluq müşahidə ediləcək. Çünki əhalinin yenidən fəaliyyətə başlayıb, iqtisadi vəziyyəti formalaşdırması uzun zaman alacaq.