Vaksin yarışı: Çin ikinci koronavirus peyvəndini hazır etməyə tələsir

ABŞ da daxil olmaqla bir çox digər ölkələr vaksin yarışını qazanmaq üçün özəl sektorla sıx əməkdaşlıq edir. Çin isə bu sahədə bir çox problemlərlə üzləşib
Sputnik

BAKI, 7 iyul — Sputnik. Çin COVID-19 pandemiyasına qarşı mübarizə aparmaq üçün vaksin yaradılması yarışında irəliyə çıxır.

Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verir ki, "Sinovac Biotech" şirkətinin eksperimental vaksini ölkədə son test mərhələsinə daxil olacaq ikinci, dünyada isə üçüncü belə preparatdır.

Nəhayət, xoş xəbərlər də gəlir: Vaksin sınağında iştirak edənlərin vəziyyəti açıqlanıb

Qlobal vaksin sənayesində geriləməsinə baxmayaraq, yeni koronavirusun mənbəyi olduğu hesab olunan Çin dünyada 500 mindən çox insanın həyatını almış bu xəstəliklə mübarizəyə dövlət, hərbi və özəl sektorları cəlb edib.

Amerika Birləşmiş Ştatları da daxil olmaqla bir çox digər ölkələr vaksin yarışını qazanmaq üçün özəl sektorla sıx əməkdaşlıq edir. Çin isə bu sahədə bir çox problemlərlə üzləşib.

Çinin əsas problemlərindən biri odur ki, ölkədə epidemiya dayanıb və bu, böyükmiqyaslı sınaqlar aparmağa imkan vermir.

Pekin diqqətini xaricə yönəldib, lakin yalnız bir neçə ölkə – BƏƏ, Kanada, Braziliya, İndoneziya və Meksika əməkdaşlığa hazır olduqlarını bildiriblər. Nə böyük Avropa ölkələri, nə də Birləşmiş Ştatlar Çinin COVID-19 vaksinlərinə maraq göstəriblər. Onlar yalnız öz layihələrinə diqqət yetirirlər.

Çin son illərdə keyfiyyətsiz peyvəndlərin səbəb olduğu bir neçə qalmaqaldan sonra vaksinlərinin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı narahatlığı da aradan qaldırmalıdır.