CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Görün millimizə kim gəlir!? Əfsanənin 48 saatı var

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası hazırda milli komandanın baş məşqçisi postuna əsas namizəd olan Kinə rəsmi təklif göndərib
Sputnik

BAKI, 30 iyun — Sputnik, Teymur Tuşiyev. İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu, irlandiyalı Roy Kin (Roy Keane) futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi ola bilər.

Sputnik Azərbaycan "The Sun" nəşrinə istinadən xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) hazırda milli komandanın baş məşqçisi postuna əsas namizəd olan Kinə rəsmi təklif göndərib. Özü də son vaxtlar futbol şərhçisi işləyən irlandiyalı 48 saat ərzində Azərbaycan tərəfinin təklifinə cavab verməlidir.

Azarkeşlər Azərbaycan millisinin oyununa buraxıla bilərlər

Qeyd edək ki, "Mançester Yunayted"in sabiq futbolçusunu UEFA Millətlər Liqasında iştirak üçün Azərbaycan yığmasına cəlb etmək istəyirlər. Komanda Millətlər Liqasının "C" divizionunda oynayacaq və 2022-ci il Dünya Kubokuna vəsiqə uğrunda mübarizə aparmaq şansı var. Bildirilir ki, AFFA-nın təklif etdiyi müqavilənin şərtləri Kin üçün cəlbedicidir.

"Lakin mütəxəssisi, bəlkə də Azərbaycan yığmasının baş məşqçisi postunu tutmağa inandırmaq lazım olacaq, çünki o, düzgün seçim edəcəyindən əmin olmaq istəyir", - qəzet qeyd edir.

Roy Kin 1993-cü ildən 2005-ci ilə qədər "Mançester Yunayted"in heyətində çıxış edib. Baş məşqçi qismində İngiltərənin "Sanderlend" (2006-2008) və "İpsviç" (2009-2011) klublarına rəhbərlik edib, İrlandiya yığmasının (2013-2018), "Aston Villa" (2014) və "Nottingem Forest" (2019) klublarının məşqçi heyətində olub.

Azərbaycan yığmasının baş məşqçisi postu keçən ilin sonlarından xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin istefaya göndərilməsindən vakant olaraq qalır.