BAKI, 30 iyun — Sputnik. Böyük Britaniyada qadın və uşaqlara qarşı silsilə hücumlar etmiş və ömürlük həbs olunmuş təcavüzkar probasiya xidmətinin əməkdaşlarının səriştəsizliyi üzündən səhvən azadlığa buraxılıb.
Sputnik Azərbaycan "BBC" telekanalına istinadən xəbər verir ki, 34 yaşlı məhkum quldur Cozef Makkan (Joseph McCann) 2019-cu ilin əvvəlində probasiya xidmətinin səhvindən sonra sərbəst buraxılıb.
Müfəttişlərin məlumatına görə, təcavüzkar probasiya xidmətinin "qeyri-sabit" və təcrübəsiz əməkdaşlarının "ciddi uğursuzluqları" səbəbindən həbsxanadan azad ediləndən sonra cinsi zəmində bir sıra hücumlar törədib.
Hələ ki, yalnız bir əməkdaş vəzifədə aşağı salınıb. Makkanın qurbanlarından biri probasiya xidmətinin hərəkətlərini "qeyri-mütəşəkkil və xaotik" adlandırıb.
Həbsxananı tərk etdikdən iki ay sonra, ötən yazın 15 günü ərzində o, Uotford, London, Böyük Mançester, Lankaşir və Çeşirdə yaşı 11-dən 71-dək olan qurbanlara hücum edib, oğurlayıb və zorlayıb.