RUSİYA

Amerikanın "Patriot" komplekslərinin yeni uğursuzluğu

İyunun 23-də Səudiyyə Ərəbistanı ərazisindəki obyektlərə hücum edən "Ənsar Allah" hərəkatının bir neçə pilotsuz uçan aparatı və raketi Ər-Riyaddakı hədəfləri vurub
Sputnik

BAKI, 30 iyun — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. ABŞ-da istehsal olunan "Patriot" zenit-raket kompleksləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadı yəmənli husi üsyançılarının hava zərbəsindən müdafiə edə bilməyib və "dünənin silahı" reputasiyasını növbəti dəfə təsdiqləyib.

İyunun 23-də Səudiyyə Ərəbistanı ərazisindəki obyektlərə hücum edən "Ənsar Allah" ("Allahın Köməkçiləri", husilər) hərəkatından olan yəmənli qiyamçılar açıq şəkildə bunu bəyan ediblər və öz silahlarının ABŞ-ın "Patriot" kompleksindən üstünlüyünü nümayiş etdiriblər.

Bir neçə pilotsuz uçan aparat (PUA) və raketlər husilərin nəzarətində olan ərazidən buraxılıb, 700 km-dən çox məsafəni, üç hava hücumundan müdafiə rayonunu qət edib və Ər-Riyaddakı hədəfləri vurub. "Reuters" agentliyinin məlumatına görə, husilərin raketləri və pilotsuz aparatları ordu qərargahına, Müdafiə Nazirliyinə və aviasiya bazasına hədəflənib.

Bunu ABŞ-dan heç kim gözləmirdi, indi də Türkiyədən "S-400"ləri alır

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi hava hədəflərinin məhv edildiyini bəyan edib, amma hər halda ehtimal etmək olar ki, ayrı-ayrı pilotsuz təyyarələr (və ya raketlər) öz vəzifələrini yerinə yetiriblər. Şahidlər Səudiyyə paytaxtında iki partlayış səsinin eşidildiyini və sıx tüstü göründüyünü deyiblər (husilərin ötən il Abkayk və Xurays neftayırma zavodlarına hücumu daha dəhşətli olub və daha ağır nəticələrə səbəb olub).

Versiyalardan birinə görə, "Patriot" kompleksləri hücum edən PUA-ları öz təyyarələri kimi görüb və onları buraxıb. Ola bilsin ki, "Patriot" sisteminin identifikasiya sistemi radioelektron mübarizə vasitələri tərəfindən sındırılıb və ya "boğulub". Ən pis halda isə texnoloji cəhətdən mükəmməl olmayan "Patriot"lar sadəcə olaraq az kontrastlı hava hədəflərini görə bilməyiblər. İstənilən halda, Səudiyyə Ərəbistanının yəmənli husilər ilə münaqişəsi daha yüksək texnologiyalı və bütün region üçün təhlükəli xarakter alır. Eyni zamanda Amerika silahlarının (əlavə "Patriot" batareyaları daxil olmaqla) kəmiyyət baxımdan artımı heç bir şeyə təsir göstərmir.

"Patriot" artıq o "Patriot" deyil

Husilər Səudiyyə Ərəbistanında Müdafiə Nazirliyinə və Kral Salman adına Hərbi Hava Qüvvələrinin bazasına zərbələr endirdiklərini iddia edirlər. Koalisiyanın məlumatına görə, iyunun 23-ü səhər saatlarında krallığın qüvvələri yəmənli üsyançıların Riyad, Nəcran və Cizan şəhərlərinə buraxdığı dörd ballistik raketi və bir neçə pilotsuz kamikadze aparatını vurub. Zərbə vasitələrinin ümumi sayı məlum deyil və husilər hələ başa çatmamış "genişmiqyaslı əməliyyat" haqqında danışırlar. Anlaşılmazlıq davam edir.

Türkiyə yenidən ABŞ-a səsləndi: "Sözümüz qüvvədədir"

Müqayisə üçün deyək ki, ötən ilin payız əməliyyatında qiyamçılar 18 drondan və yeddi qanadlı raketdən istifadə ediblər. Husilərin nümayəndəsi "Kasef" və "Sammad-3" pilotsuz uçuş aparatlarının 1700 km məsafəni qət etmək bacarığını qeyd edib. Burada başa düşmək lazımdır ki, bu kamikadze dronu belə uçuş uzaqlığı ilə Səudiyyə Ərəbistanında istənilən istiqamətdən hədəfə hücum edə bilər (məsələn, Qətər tərəfdən Ər-Riyada girə bilər) və "Patriot" kompleksi faydasız olacaq, çünki məhdud sektorda (90 dərəcə) məkana nəzarət edir və eşelonların sayı bu kompleksin keyfiyyətinə təsir göstərmir. "Patriot" kompleksi təyyarələri, ballistik hədəfləri, orta mənzilli raketləri məhv etmək üçün nəzərdə tutulub. Nisbətən kiçik zərbə dronları və qanadlı raketlər onun profilinə uyğun hədəflər deyil.

ABŞ-ın Dövlət katibi Mayk Pompeo qeyd deyib: "Hətta dünyanın ən yaxşı sistemlərindən bəziləri heç də həmişə hədəfləri vurmur". Əgər "Patriot" ən yaxşısı deyilsə, onda yəmənli husilərin Səudiyyə Ərəbistandakı obyektlərə endirdiyi zərbələr qarşısıalınmazdır. Raket silahları və zərbə dronları dünyanın bütün ölkələrində sürətlə inkişaf edir. ABŞ-ın "Patriot" kompleksini müasirləşdirməsi isə yerində təpik döyməyə bənzəyir. PAC-2 və PAC-3 modifikasiyalarında texnoloji irəliləyiş müşahidə edilmir. PAC-3 layihəsində, heç olmasa, "sürətləndirilmiş" radar və yeni raket var, digər modifikasiyalar isə yalnız ayrı-ayrı qovşaqların və aqreqatların dəyişdirilməsini nəzərdə tutur. Pentaqon "Patriot" kompleksindən 2030-cu illərin əvvəllərinə qədər istifadə etməyi planlaşdırır və bəlkə də bu, gələcəyə lazımsız dərəcədə nikbin baxışdır.

Taktiki-texniki xarakteristikalara görə, "Patriot" saatda 2500 kilometr sürətlə, 100 kilometrədək məsafədə (ballistik - 25 kilometrədək) və 25 kilometrədək (ballistik - 11 kilometrədək) yüksəklikdə uçan hava obyektlərini məhv etmək iqtidarındadır. Bu kompleks eyni zamanda 8 hədəfə atəş aça bilir. Kompleksin reaksiya müddəti 15 saniyədir (bu çox yavaşdır - bu müddət ərzində hədəf 10 km uça bilər). "Patriot" kompleksinin radarı 90 dərəcə baxış bucağına malikdir və hava hədəflərinin ehtimal olunan istiqamətinə yönəlir. Bu təvazökar xüsusiyyətlər heç də uğurlu olmayan döyüş təcrübəsi ilə tamamlanır. Belə ki, amerikalılar İraqın 1991-ci ilin əvvəlində buraxdığı 91 ədəd "Skad" R-17 (antikvar) raketlərindən yalnız 45-ni vura biliblər. Amerika kompleksinin əhəmiyyətli bir çatışmazlığı hədəfi ələ keçirmə məsafəsinin və hündürlüyünün kiçik olmasıdır. Bu sistemin Rusiya istehsalı olan müasir analoqları ilə, məsələn, S-350 "Vityaz" ilə müqayisəsi düzgün deyil. Belə ki, texnologiya sahəsində fərq fantastikdir (radarın baxış bucağına, reaksiya sürətinə, vurulan hədəflərin sayına, yüksəklik və vurma diapazonuna görə).

Eyni zamanda, beynəlxalq bazarda bir "Patriot" kompleksinin qiyməti təxminən 1 milyard dollar təşkil edir. Yalnız 2017-ci ildə ABŞ Səudiyyə Ərəbistanına 110 milyard dollar dəyərində silah-sursat satıb. Yəqin ki, bu pulların böyük bir hissəsi boşuna xərclənib. Təsadüfi deyil ki, Yaponiya "Aegis Ashore" sistemini Amerikadan almaqdan və öz ərazisində yerləşdirməkdən imtina edib.

Yerli istehsal?

Danışıqlar bəs etmir: Ərdoğan ABŞ-dan "Patriot" komplekslərini istəyir

Yəmənli üsyançıların iranpərəstliyini və ya onlara silahı İranın verdiyini bir daha vurğulamaq reallığı sadələşdirmək olardı. Texnoloji cəhətdən husilər kifayət qədər müstəqildirlər, inamla dənizdə döyüş əməliyyatları aparırlar. Husilər Səudiyyə Ərəbistanı və Ərəb koalisiyası ilə müharibə üçün nəzərdə tutulmuş öz istehsalı olan yeni pilotsuz təyyarələrin və raketlərin sərgisini də təşkil ediblər. Qeyd edək ki, bu hava hücumu vasitələri yüzlərlə kilometrlər uçmaq və hədəfi (bina, zavod) dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.

Yəməndəki silahlı münaqişə ölkənin şimal və cənub bölgələri arasında dinlərarası, siyasi və regional ziddiyyətlərə əsaslanır və bu münaqişənin hərbi yolla həlli mümkün deyil. Sünnilər (sələfilər) və şiələr (husilər) arasında toqquşmalar uzaq keçmişə gedib çıxır. Hərbi əməliyyatların mexanikası belədir: bir tərəfdən İranın dəstəklədiyi şiə husilər, digər tərəfdən isə Səudiyyə Ərəbistanının dəstəklədiyi sünnilər. Yəmənin şimalında neft yataqları var, cənubda isə karbohidrogenlərin tranziti üçün vacib olan Ədən limanı yerləşir və Riyadın bu "axınlara" nəzarət etmək istəyi məntiqli görünür.

Xatırladaq ki, husi üsyançılar 2015-ci ildə hazırkı prezidentin ölkədən qaçmasından sonra hakimiyyəti və paytaxt Sənanı ələ keçiriblər. Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirliklərinin, Bəhreynin, Küveytin, Qətərin, İordaniyanın, Misirin, Pakistanın, Mərakeşin və Sudanın dəstəyi, ABŞ-ın razılığı ilə və BMT-nin icazəsi olmadan Yəməndəki "xuntaya" qarşı hərbi əməliyyatlara başlayıb. Koalisiya qaçmış hökumətin tərəfindədir. BMT konstruktiv rol oynamır, yalnız bəzən tərəfləri sülhə çağırır. ABŞ regional dispetçer roluna iddia edir. Yəməndə vətəndaş müharibəsi altı ildir, davam edir və Ərəb koalisiyasının müdaxiləsi yalnız hərbi əməliyyatların şiddətlənməsinə gətirib çıxarıb.