YAZARLAR

Ağsaqqalın resepti, amerikalının məktubu, kollektiv mübarizə və toylar

Koronaviruslu xəstələrin sayı artdıqca müalicə imkanları məhdudlaşır, simptomlar olan bütün xəstələri nəzarətə götürmək təbii olaraq, qeyri-mümkün olmağa başlayır.
Sputnik

BAKI, 29 iyun — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrinə nəzər salır

75 yaşlı qələbə

Pandemiyanın ləngitdiyi Faşizm üzərində Qələbə Günü ilə bağlı parad ötən həftə baş tutdu. Moskva möhtəşəm parada evsahibliyi etdi. Bu qələbənin əhəmiyyəti yalnız sovet ölkələrinin təcavüzdən qorunması ilə ölçülmür, söhbət planetin faşizm təhlükəsindən, Avropanın, hətta Almaniyanın özünün nasizmdən xilas olmasından gedir.

Birliyə çağırış

BMT Nizamnaməsinə əsasən, xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT Baş Assambleyası ildə bir dəfə sentyabrın üçüncü həftəsində və zəruri ehtiyac olduğu fövqəladə vəziyyətlərdə xüsusi sessiyalar keçirə bilər. Təşkilatın tarixinə baxsaq, bu, çox nadir hallarda baş verib.

İndi belə bir sessiyanln keçirilməsi Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkələri arasında yekdilliklə razılaşdırıldı və hazırda Hərəkatın sədri olan Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanladı. 97 ölkənin bu çağırışı dəstəkləməsi sessiyanın keçirilməsi üçün əsas yaradır.

Beləliklə, Azərbaycan beynəlxalq miqyasda dialoq yaratma, pandemiya qarşı mübarizədə əlaqələndirici missiyasını yeni müstəvidə davam etdirir. Bu, ölkəmizin beynəlxalq münasibətlərdəki yerini gücləndirməklə gələcək perspektivlərini genişləndirir. Təşəbbüsün dəstəklənməsi həm də Azərbaycan Prezidentinə dünya liderlərinin münasibətinin ifadəsi kimi şərh oluna bilər.

Özünümüalicə

Koronaviruslu xəstələrin sayı artdıqca müalicə imkanları məhdudlaşır, simptomlar olan bütün xəstələri nəzarətə götürmək təbii olaraq, qeyri-mümkün olmağa başlayır. Belə vəziyyətdə bütün dünyada təbiblər yüngül xəstələri evdə müalicə etməyə başlayır. Bir də var, mental dəyərlərimizə uyğun - öz reseptlərimizlə müalicə metodlarımız. Bəzən bu resepetlərə hansısa həkimin başqa xəstəyə təyin etdiyi preparatlar da əlavə olunur. Bu "özünümüalicə" metodu köhnə bir lətifəni yada salır: Kəndçi ot tayası yığır, taya qalxır-qalxır, axırda qalır tayanın başında, düşə bilmir. Gedirlər ağsaqqalı çağırırlar ki, dünygörmüş adamsan, kömək elə. O da məsləhət görür ki, belinə ip bağlayın, dartın. Təbii ki, kişi yıxılıb o dünyalıq olur. Ağsaqqal təəccüblənir: "Vallah, bu, ölməli deyildi, çünki mən bu üsulla indiyəcən quyudan çox adam çıxartmışam".

Dəyərlər

Ötən həftə Sumqayıtda üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxan gənc saxlanıldı. Doğrudur, onun saxlanma səbəbi taxdığı maska yox, karantin qaydalarını pozması idi. Ancaq onu elə bu maskaya görə də saxlamaq olardı. Bəzən dəyərlərə münasibəti düzgün ifadə etmirik və nəticədə gülməli panoram yaranır. Bir vaxtlar pul vahidlərinə qoyduğumuz adların yaratdığı mənzərə kimi: Filan şey neçəyədir? - Bir Nizamiyə, Bir Məmməd Əminə və s.

Qırmızı qələm

Həftənin hadisələri sırasına Sumqayıtdan ikinci - unikallığı ilə seçilən hadisə.

Novxanı qəsəbəsi, bağ massivində vətəndaş qapı keçidinin düzəldilməsi üçün özbaşına olaraq qaz təchizatını dayandırıb, nəticədə 1200-ə yaxın abonent qazsız qalıb. Yumşaq desək, belə bir "özfəaliyyət".

Müəllif yazını Sumqayıtdan göndərdiyi üçün bu vəziyyətlə bağlı "yumşaq" şərh axtarır. Ancaq daha bir sovet lətifəsini xatırlamaya bilmir: Bir amerikan SSRİ-yə işləməyə gəlir. Öncədən bilir ki, burdan ölkəsinə hər şeyi açıq yazmaq mümkün olmayacaq: hər şey yaxşı olsa, göy, pis olsa, qırmızı qələmlə yazacağam.

Sovet ölkəsinin monoton ruhu onu sıxmağa başlayır. Evə məktub yazır: "Burda hər şey çox gözəldir, restoranlar, əyləncələr, insanlar rəngarəng və zəngin həyatdan çox xoşbəxtdirlər. Bircə qırmızı qələm yoxdur".

Kollektiv mübarizə

Beləliklə, aydın olur ki, biz cəza tədbirləri, cərimələr olmadan qaydalara tabe olan toplum deyilik. Odur ki, ötən həftə maska taxmayanlar və karantin rejimini pozanlarla bağlı cərimələrin artırılması ilə bağlı məsələnin aktuallaşması qaçılmaz zərurətdən doğan addım kimi görünür. Koronavirus həm də cəmiyyətlərin birlik, həmrəylik dəyərlərini sınağa çəkdi. Biz fərdiyyətçiyik, kollektiv fəaliyyətlərdə uğur qazanmaqda həmişə çətinlik çəkirik. Fikir verin, cüdoçularımız, güləşçilərimiz, karateçilərimiz dünya birincisi olur, olimpiya çempionu olur, futbol komandalarımız isə istənilən qrupun autsayderi kimi tanınır.

Ordan eşit, burdan oyna

Türkiyədə iyulun 1-dən müəyyən qaydalara riayət etməklə toyların keçirilməsinə icazə veriləcək. Bu, ölkəmizdə də bu mövzunu bir daha aktuallaşdırdı. Ekspertlər müəyyən normativlərin tətbiq olunması toyların bərpasının mümkünlüyünü qeyd edirlər. Şübhəsiz, toyların dayandırılması zəncirvari sosial-iqtisadi problemə yol açıb: restoranlar, marketlər, qızıl, mebel mağazaları, müəğənnilər, toy ansamblları, ümumiyyətlə, toy biznesi ilə məşğul olan bütün biznes sahələri bu fasilədən ciddi şəkildə sarsılıb. Müğənnilərin modelliyə, aparıcılığa keçməklə bağlı açıqlamaları, yaranmış vəziyyətdən gileylənməsi də təsadüfi deyil. Ümid edək ki, pandemiya tezliklə sona çatacaq, müğənnilər öz işi ilə məşğul olacaq və bizi onları televiziyalarda aparıcı kimi dinləməkdən "xilas edəcəklər".