RUSİYA

Qərb planlı şəkildə tarixi yenidən yazır. Və bu, onda yaxşı alınır

Tarixi həqiqətlər uğrunda mübarizə aparmaq çox vacibdir. Çünki risk altına təkcə tarix deyil, həm də gələcək düşür
Sputnik

BAKI, 27 iyun — Sputnik, Vladimir Kornilov. Bir çox tədqiqatçılar ABŞ-da abidələrin sökülməsi epidemiyasını şərh edərkən, bunu tarixin kütləvi şəkildə yenidən yazılması adlandırırlar. Lakin biz hamımız başa düşürük ki, ötən dövrlərin bürünc şahidləri ilə ciddi mübarizə aparan fəallar heç nəyi yenidən yazmırlar. Sadəcə olaraq ona görə ki, onlar tarix haqqında olduqca kiçik təsəvvürə malikdirlər. Əks təqdirdə, San-Fransiskoda yazıçı Migel Servantesin abidəsinin təhqir edilməsini necə izah etmək olar? Yəqin ki, amerikalı fəallar onu hansısa konkistadorla səhv salıblar. Bəs Demokratlar partiyasının təsisçilərindən biri olan Endryu Ceksonun heykəlinin elə həmin partiyadan olan namizədi dəstəkləyən insanların sökməyə çalışdığını sağlam düşüncə baxımından necə izah etmək olar? Tarixi icraçılar deyil, bu aksiyaları ideoloji cəhətdən təmin edənlər yenidən yazırlar. Və etiraf etmək lazımdır ki, bu onlarda alınır.

Patruşev: Qərb MDB ölkələrində rəngli inqilablar təşkil edir

Sputnik.Rəy layihəsinin sifarişi ilə Fransanın tanınmış "IFop" şirkətinin keçirdiyi son sorğu göstərib ki, amerikalıların tarixə bu cür nihilist münasibəti yalnız bu hadisələrlə bağlı deyil. Məsələn, sorğu aşkar edib ki, amerikalıların üçdə birindən azı mayın 8-də Avropada Qələbə Gününün qeyd edildiyini bilir. Onların 11 faizi isə hesab edir ki, İkinci Dünya Müharibəsində ABŞ Rusiyaya qarşı vuruşub.

Bu araşdırmanı daha ətraflı öyrənsək, məlum olur ki, Amerika gəncləri arasında (əslində, abidələrlə mübarizə aparan kütlənin özəyini onlar təşkil edir) öz tarixini bilmə səviyyəsi digər nəsillərlə müqayisədə ən aşağı nöqtədədir. Belə ki, 18-24 yaş arası gənclərin 21 faizi ABŞ-ın Rusiyaya qarşı, 13 faizi isə Çinə qarşı vuruşduğuna əmindir. Yaşı 65-dən yuxarı olanların 7 və 2 faizi müvafiq olaraq ABŞ-ın rəqiblərinin Rusiya və Çin olduğunu düşünür.

Bu isə o deməkdir ki, indiki gənclərin yaşlanması və qocaların dünyasını dəyişməsi ilə amerikalıların əksəriyyəti əmin olacaq ki, onların əcdadları hansısa müttəfiqlərlə birgə (xatırladaq ki, bu yaxınlarda Ağ Ev belələr arasında yalnız Böyük Britaniyanı göstərib) düşmən Moskvanı və Pekini məğlub edib. Əlbəttə ki, rəqiblərlə bağlı fikir ABŞ-da anti-Rusiya və anti-Çin kampaniyalarının inkişaf dərəcəsindən, Hollivudun "əsas düşmən" kimi daha çox kimi göstərməsindən asılı olacaq. Sonuncu isə təbii ki, yalnız ABŞ gənclərinə aid deyil.

Nasizmin darmadağın edilməsinə kimin daha çox töhfə verməsinə dair fransızlar arasında ictimai rəyin əhəmiyyətli dərəcədə transformasiyası bunun klassik nümunəsidir. 1945-ci ildə sorğu iştirakçılarının mütləq əksəriyyəti (57 faizi) SSRİ-ni və yalnız 20 faizi Amerika Birləşmiş Ştatlarını qeyd etmişdi. Çünki həmin dövrdə avropalılar hər şeyi öz gözləri ilə görürdülər. 2015-ci ildə "IFop"un keçirdiyi sorğu isə göstərib ki, 70 il ərzində fikir kəskin şəkildə dəyişib: indi fransızların 54 faizi Amerikanı və yalnız 23 faizi Sovet İttifaqını əsas qalib adlandırır. Burada da tendensiya aydın görünür: auditoriya nə qədər gəncdirsə, amerikalıların qələbəyə verdiyi töhfələri bir o qədər yüksək qiymətləndirir. Hətta ola bilər ki, gənc fransızların bir hissəsi Hitler və onun əlaltılarının Paris kinoteatrında məhz Bred Pit tərəfindən məhv edildiyini düşünür.

Özü də bu proses dayanmır, tendensiya bu gün də davam edir. Britaniyanın "YouGov" şirkəti tərəfindən 2015 və 2020-ci illərdə (müvafiq olaraq, Qələbənin 70 illiyi və 75 illiyində) keçirilmiş iki sorğunun müqayisəsi göstərir ki, Sovet İttifaqını nasizmin əsas qalibi hesab edənlərin payı əksər Qərb ölkələrində azalır. Məlum səbəblərdən almanlar bu tarixi yaddaşı hamıdan çox qoruyub saxlayıblar. Hərçənd, orada da tədricən birinci yerə amerikalılar çıxırlar: 2015-ci ildə rəyi soruşulan Almaniya vətəndaşlarının 37 faizi iddia edib ki, nasizmin darmadağın edilməsinə əsas töhfəni ABŞ verib. 27 faizi isə SSRİ-nin adını çəkib. Cəmi beş il sonra ABŞ və SSRİ arasındakı fərq əhəmiyyətli dərəcədə artıb: müvafiq olaraq 43 faiz və 21 faiz.

Keçmiş və gələcək qarşısında cavabdehlik: Putin Böyük Qələbə ilə bağlı məqalə yazıb

Əslində, bu, İkinci Dünya Müharibəsi tarixinin kütləvi şüurda tədricən, mərhələli və planlı şəkildə yenidən yazılmasıdır. Rusiya Prezidenti Vladimir Putin bu hadisənin müasir siyasi inkişaf üçün təhlükəli olduğunu Böyük Qələbənin 75 illiyinə həsr olunmuş məqaləsində qeyd edib: "İndi Qərbdə sezdiyimiz təftişçilik, özü də ilk növbədə İkinci Dünya Müharibəsi və onun nəticələrinə dair məsələlərdə, onunla təhlükəlidir ki, 1945-ci ildə Yalta və San-Fransisko konfranslarında əsası qoyulmuş dinc inkişaf prinsiplərini kobud və ədəbsizcəsinə təhrif edir".

Son illərdə anti-Rusiya təbliğatı ilə məşğul olanların bu məqaləyə reaksiyasının nə qədər ağrılı olduğuna diqqət yetirin. Gözümüzün qarşısında Rusiya Prezidentinin tarixin yenidən yazılmasının dayandırılmasına dəqiq və birmənalı çağırışı durur. Amma CNN bütün bunları təhrif edib və "Putin İkinci Dünya Müharibəsi tarixini yenidən yazır" başlığı altında material buraxmasaydı, CNN olmazdı.

Eyni üsulu məşhur britaniyalı kolumnist Edvard Lukas da tətbiq edib. RT onu mütəmadi olaraq planetin 10 əsas rusofobları siyahısına daxil edir. O, "The Times" qəzetində bəyan edib ki, sən demə, Putin "tarixin təftişçisi" imiş. Lukas bu tezisi CEPA Avropa Siyasətinin Təhlili Mərkəzinin saytında da təkrar edib. Özü də bunlar prezidentin təftişçilikdən birbaşa imtina etməyə çağırışından sonra baş verir! Amma yuxarıda sadalanan müqayisəli sorğular kimin əslində tarixi hansı istiqamətdə yenidən yazdığını göstərir.

Amerikalı kremlşünasların belə qəzəbli reaksiyası aydındır. Onların əsas ixtisaslaşması Rusiyaya qarşı bütün cəbhələrdə (ideoloji, siyasi, tarixi) şiddətli mübarizə aparmaqdır – məsələn, CEPA mərkəzinin aparıcı analitiki Yanuş Buqay ötən il Vaşinqtona Rusiya Federasiyasını parçalamaqla bağlı məsləhətlər verirdi.

Məhz buna görə də belə insanlar və institutlar üçün dünya tarixinin yenidən yazılması üzrə son onilliklərin tendensiyalarını dəstəkləmək çox vacibdir — qaranı ağ adlandırmaq üçün, müharibədə uduzanları qaliblərlə bərabərləşdirmək üçün, tarixi yaddaşın qorunub saxlanmasına çağırışları "tarixin yenidən yazılması" kimi təqdim etmək üçün. Bütün bu kampaniyaların əsas məqsədi Rusiyanı zəiflətmək və hətta onu məhv etməkdir. Məhz buna görə də müxtəlif səviyyələrdə tarixi həqiqətlər uğrunda mübarizə aparmaq çox vacibdir. Çünki risk altına təkcə tarix deyil, həm də gələcək düşür.