Hərbi ekspert NATO-dakı insidenti şərh edib: "Hər şey öz axarına buraxılıb"

Fransa Prezidenti Emmanuel Makron "NATO-nun beyninin ölümü"nə sübut gətirib. Söhbət Aralıq dənizində Türkiyə və Fransa gəmiləri arasında baş vermiş insidentdən gedir. Sputnik radiosunun efirində hərbi ekspert Vladimir Karyakin yaranmış vəziyyəti şərh edib.
Sputnik

BAKI, 24 iyun — Sputnik. Fransa və Türkiyə freqatlarının iştirakı ilə Aralıq dənizində baş vermiş insident "NATO-nun beyin ölümü" ilə bağlı tezisi təsdiqləyir. Xəbər verdiyimiz kimi, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

Makron hadisəni yolverilməz adlandırıb.

Türkiyə üçün "qırmızı xətt" - NATO da tərəf tutmayacaq

İyunun 10-da Liviya sahilləri yaxınlığında Fransa freqatı Türkiyə gəmisinin ekipajını silah qaçaqmalçılığında şübhəli bilərək gəmiyə tərəf üzməyə çalışıb. Parisin iddiasına görə, bu an digər üç Türkiyə hərbi gəmisi freqatı hədəfə alıb və gəminin yoxlanılması tələblərini yerinə yetirməkdən imtina edib.

Fransa bunu təcavüzkar davranış kimi qiymətləndirib. Türkiyə öz növbəsində ittihamları rədd edərək, fransalı hərbçilərin təhlükəli manevrlər etdiyini, Türkiyə gəmilərinin isə radarlardan onları hədəfə almaq üçün yox, müşahidə etmək üçün istifadə etdiyini bildirib.

Keçən il Fransa Prezidenti bildirib ki, Alyans hərbi-siyasi blok daxilində koordinasiyanı tamamilə itirib. Makron bu vəziyyəti NATO-nun "beyin ölümü" kimi səciyyələndirib.

Sputnik radiosunun efirində hərbi politoloq, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hərbi Universitetinin müəllimi, hərbi elmlər namizədi, istefada olan polkovnik Vladimir Karyakin yaranmış vəziyyəti şərh edib. 

"Görünür, NATO-da dövlətlər arasında ziddiyyətlər var və onlar kəskinləşərək hərbi insident formasını alır. Əlbəttə, bir təşkilat olaraq NATO bütün bunları ən yüksək səviyyədə həll etməli idi, insidentlərə yol verilməməli idi. Ancaq hər şey öz axarına buraxılıb, NATO ölkələri blok nizam-intizamına riayət etmir. Türkiyə isə müstəqil siyasət aparır. Son zamanlar ABŞ-ın, eləcə də Yunanıstanın maraqlarına zidd hərəkət edir, Liviyada müstəqil siyasət yürüdür", - Karyakin deyib.