BAKI, 23 iyun — Sputnik, Kəmalə Əliyeva. Bir çox ölkələrdə göstərilən və tamaşaçılardan müsbət rəylər alan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Kontrabas" monotamaşası Rusiyanın "U Zolotıx vorot" festivalında iştirak edəcək.
Tamaşa 18 sentyabr-2 oktyabr 2020-ci il tarixlərində keçiriləcək VI Ümumrusiya Teatr Forumu çərçivəsində təqdim olunacaq.
Monotamaşa Patrik Züskindin "Kontrabas" adlı əsəri əsasında hazırlanıb. Tamaşada Azərbaycanın əməkdar artisti, "Qızıl Dərviş" mükafatının laureatı Şövqi Hüseynov iştirak edir.
Tamaşa İran, Türkiyə, Moldova, Rusiya, Ukrayna və hətta Kolombo (Şri-Lanka) Beynəlxalq Teatr festivallarının mükafatlarına layiq görülüb.
2019 – cu ildə "Kontrabas" "Ostrovski-FEST" kamera teatrlarının Birinci Beynəlxalq festivalında tamaşaçı rəğbəti mükafatına layiq görülüb.
"U Zolotıx vorot" festivalı Vladimirdə 2010-cu ildən keçirilir. Festival çərçivəsində təkcə tamaşalar nümayiş etdirilmir, həm də teatr mühazirələri, məşhur aktyor və rejissorlarla görüşlər, master-klasslar təşkil edilir.