CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-19-dan sağalan bakılının qeydləri: 25 gün sonra

"Nəfəs ver, nəfəs ver, dərindən nəfəs ver. Təcili, təcili, yoldan çəkilin..." Xüsusən də gecə saatlarında yeni xəstə daxil olduqda dəhlizlərdə bu cür hay-həşiri eşitmək mümkün idi...
Sputnik

BAKI, 22 iyun — Sputnik. Sputnik Azərbaycan COVID-19-dan sağalan xəstənin qeydlərinin davamını təqdim edir:

- Gəl, sənə sürprizim var, sənə "podarka" almışam (Görüntülü danışıqdan).

- Nədir? Göstər!

- Göstərsəm, sürpriz olmaz...yaxşı bax. Açmıram, babagil deyir aç, deyirəm, mama gələndə o açacaq, ikimiz oynayacağıq.

Bakıda COVID-19-dan müalicə alan xəstənin ilk 7 günü - Xəstəxanadan qeydlər

- Axı polislər yolları bağlayıb. Sağalmışam, sadəcə yollar açılsın, gələcəm...

Yəqin ki, COVID-19 xəstəsi olan analara bu dialoqlar heç də yad deyil.

Hər görünütülü danışıqda üzünü telefona sürtüb mənim də o başdan sığallamağımı istəyir. Artıq bir aya yaxındır ki, ana nəvazişinə, istiliyinə həsrət qalıb. "Gecələr tez keçsəydi", - deyir.

14 günüm bitəndə ilk testimin cavabını almadan artıq əşyalarımı yığıb otağın bir küncünə qoymuşdum. Mənə elə gəlirdi ki, 14 günü tamam olan hər bir xəstənin test cavabı neqativ olur, amma olmurmuş. Xəstənin tibbi durumu ona antibiotik vurulmasına imkan vermirsə, immuniteti zəifsə, o zaman müalicə bir qədər də artıq çəkə bilər. Məsələn, 25 gün. Edamını gözləyən adama bənzədirdim özümü, bir xəbər gözləyirdim. Bu dəfə daha çox ümidli idim. 25 günün tamamında artıq gözlədiyim xəbəri almışdım.

Bura həm ümidlərin doğulduğu, həm də boğulduğu bir yerdir. 14 gün müalicədən sonrakı hər üç testimin nəticəsi "pozitiv" idi.

Xəstəxana, əsas da yaxınlardan uzaq olmağın verdiyi bu əzabla göz yaşları içində insan boğulur. Əminəm ki, buradakı xəstələrə ən çox əzab verən də məhz bu idi. Mən isə artıq körpələrin gözündə bir yalançıya, onları sevməyən bir qəddar anaya dönmüşdüm. Sanki zaman da qarşımdakı saat kimi donub qalmışdı...

Burada, Mərkəzi Neftçilər Xəstəxanasında isə biz çöldən - yəni xəstəliyin varlığına inanmayanların üstünlük təşkil etdiyi bir həyatdan fərqli olaraq, reallığın ağuşundayıq. Burada nəyəsə inanmaq üçün əlavə sübuta ehtiyac belə yox idi. "Nəfəs ver, nəfəs ver, dərindən nəfəs ver. Təcili, təcili, yoldan çəkilin..." Xüsusən də gecə saatlarında yeni xəstə daxil olduqda dəhlizlərdə bu cür hay-həşiri eşitmək mümkün idi...

Koronavirusdan sağalanlara müraciət edildi – Qan verin>>

Xəstələrin xəstəxanaya ağır vəziyyətdə daxil olmasının birinci səbəbi isə onların uzun müddət Təcili Tibbi Yardıma məlumat vermədən evdə özbaşına müalicə almaqları və özlüklərində xəstəliyin varlığına inamsız yanaşmaları olub. Bəlkə də bəziləri sadəcə olaraq bu dünyanın son tinində artıq reallıqları qəbul etmiş olur, bəlkə də...

COVİD-19 üçün ayrılan bütün xəstəxanaların reanimasiya şöbələri o dünya ilə bu dünya arasında çox qısa məsafədə olan bir körpüyə çevrilib. Bu körpüdən o taya addımlamamaq üçün isə bütün tibbi personal əllərindən gələni edir. Onlar bizimlə sevinir, acımıza şərik olurlar. Bəzən neqativ cavabın nəticəsini belə xəstəyə sevinc, qəhər içində çatdırırlar. Elə MNX-da TƏBİB-in baş koordinatoru Fərrux Sədirov, infeksionisti Natiq Əliyev, infeksionist İlhamə Abbasova, doktor İlham Əliyev, gecələr keşiyimizdə duran Elyar doktor, Elçin doktor və digərləri artıq buradakı xəsətlərin bir doğmasına, tanış simasına çevriliblər. Uzun müddətdir ki, COVİD-19 xəstələrinin müalicəsi prosesinə cəlb olunan tibbi personal artıq 3 aydır ki, oteldə qalır. Onlar nəinki evlərinə, bəzən növbələrini tamamlayıb otelə belə qayıda bilmirlər. Bu insanların bütün həyatı alt-üst olub. Xəstələr 14-28 gündə evə dönəcəklərini xəyal edə bilsələr də, belə bir vəziyyətdə, özləri demişkən "bizim belə bir xəyal qurmağa ixtiyarımız da yoxdur. Xəstələri qoyub heç yerə gedə bilmərik", deyirlər.  Bu vəziyyətin nə zaman bitəcəyini onlar da bilmir. Amma hər şey bizdən asıldır. Bu gün onların həyatı, tezliklə ailələrinə qovuşması da bizdən asılıdır. Eləcə də bizim həyatımız onlardan asılıdır. Qorunsaq, xəstələnməsək, bu xəstəxanalar artıq normal işlərinə dönər, digər xəstələrin də həyati riski yaranmaz...

Koronavirusdan ölən həkimlə bağlı məsələyə aydınlıq gətirdi - Hər şey tədbirdən sonra olub

Bu xəstəxanada olmaqla həm COVİD-19-la bağlı fikirlərim dəyişmiş oldu, həm də bizim nə qədər natiqlər, ilhamələr, fərruxlar, elyarlar kimi gözəl, həyatımızı etibar edəcəyimiz həkimlərin olduğuna əmin oldum. Bizim bir cəmiyyət olaraq onlara böyük təşəkkür borcumuz var.

25 günün içində bura artıq mənim üçün şəfa ocağı idi. 25 günün ardından bu günlərdə ayağımı qapısının kandarından belə çölə atmadığım dörd divarı tərk edib gedirəm. Amma bu palatalar, şöbələr hələ də xəstələrlə dolub-daşır. Yeni gələn xəstələr daha əvvəl gələnlərlə müqayisədə səhhətlərinin daha ağır olması ilə seçilirlər. Amma onların da aydın sabahlara ümidi var.

Bu sətirləri oxuyanlara gəlincə... hələ də gec deyil. Nə qədər ki, yolunuz buradan düşməyib, nə qədər ki, əzizlərinizi tərk etməli olmamısız, yaxşı-yaxşı düşünün! Rəsmi çağırışlara riayət edərək özünüzü və doğmalarınızı qoruyun!