İQTİSADİYYAT

Qonşuda düşən bizə təsir edəcək! Türkiyədə valyuta böhranı yaşanır

Ekspert: "Türkiyədən Azərbaycana daha çox mal gətirilməsi üçün stimul yaranır. Lirə ucuzlaşdıqca iş adamları üçün də Türkiyədən ölkəmizə daha çox mal gətirmək sərfəli hala gəlir"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Türkiyədə valyuta böhranı yaşanır. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə ixracın kəskin azalması və turizmin qapalı olması valyuta böhranına gətirib çıxarıb.

Türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edir – ekspert danışır
 Koronavirus pandemiyası ilə bağlı ikinci dalğanın gəlməsi narahatlığı türk lirəsi daxil olmaqla bir çox inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiq göstərir.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında Türkiyədə baş verən valyuta böhranından, bu böhranın Azərbaycana təsirlərindən danışıb.

O? deyib ki, Türkiyənin əsas valyuta daxilolmaları həm ixracatdan, həm də turizmdən idi: "Ötən il Türkiyəyə turizmdən təxminən 38 milyard dollara yaxın valyuta daxil olmuşdu. Turizmin gətirdiyi valyuta tədiyyə balansında kifayət qədər müsbət rol oynayırdı. Eyni zamanda əsasən yüngül sənaye və avtomobil ixracından da ölkəyə valyuta gəlirdi. Türkiyənin əsas ixracat bazarları Avropa İttifaqı ölkələri idi".

"Son zamanlar Türkiyənin ixracatında ciddi azalmalar var və turizm bağlıdır. İxracda Avropa İttifaqı istiqamətində təxminən 25 faizə yaxın azalma var və bu da valyuta daxilolmalarını kifayət qədər zəiflədib. Bu da tədiyyə balansında mənfi saldonun yaranmasına səbəb olur. Çünki ölkəyə gələn investorların da sayı azalıb. Yəni bütün istiqamətlər üzər ölkəyə valyuta daxilolmaları azalıb" – deyə o qeyd edib.

Ekspert bildirib ki, Türkiyədə valyuta daxilolmaları azalırsa, valyutaya ehtiyac azalmır, çünki təkcə özəl sektorun xarici borcu 187 milyard dollardır: "Hər ay təxminən 10-12 milyard dollara yaxın məbləğ özəl sektorun xarici borcunun qaytarılmasına getməlidir. Yəni bu valyuta ehtiyatı yaranmalıdır. Nəticədə Türkiyə bir çox ölkələrə Swap (Lirə əvəzinə xarici valyutaların alınması və yaxud Türkiyə aktivləri hesabına xarici valyuta alınması) razılaşmaları təklif edib. Yəni həmin ölkələrlə Swap müqavilələri bağlansın və ölkəyə lazım olan həcmdə valyutanın gətirilməsi təmin edilsin. 

Azərbaycanla Türkiyə iqtisadi sahədə hansı amilləri nəzərə alır – ekspert danışır
Türkiyə iqtisadiyyatının turizmdən, xidmət sahəsindən və Avropa İttifaqına ixracatdan çox asılı olması indiki şəraitdə bu ölkənin iqtisadi vəziyyətini ağırlaşdırır. Bu da türk lirəsinin məzənnəsinə təsir göstərir. Swap müqavilələri bağlanmazsa, lirənin çox böyük həcmdə dəyərdən düşməsi baş verə bilər. Bu da inflyasiya problemləri yarada bilər".

"Ötən həftələrdə Türkiyədə dollar kəskin güclənib. Belə ki, 1 dollar 7 lirə 26 quruşa qədər bahalaşıb. Həmin dövrdə özəl sektorun xarici borclarının ödənilməsinin intensiv dövrü olub. Sonra bu intensivlik xeyli azalıb və lirə dollar qarşısında bir az möhkəmlənib. Amma yenidən əks proses başlayıb. Çünki ayın sonunda növbəti borc ödənişləri həyata keçirilməlidir" – deyə o qeyd edib.

Türkiyədə yaşanan valyuta böhranının Azərbaycana təsirlərinə gəlincə ekspert bildirib ki, lirə ucuzlaşdıqca Azərbaycana Türkiyədən ixracat stimullaşır: "Yəni Türkiyədən Azərbaycana daha çox mal gətirilməsi üçün stimul yaranır. Çünki manatın məzənnəsi uzun müddətdir sabit qalıb. Lirə ucuzlaşdıqca iş adamları üçün də Türkiyədən ölkəmizə daha çox mal gətirmək sərfəli hala gəlir. Lirə ucuzlaşdıqca Türkiyədən gələn mallar Azərbaycan bazarında da ucuzlaşmalıdır. Türkiyədən Azərbaycana kifayət qədər böyük sayda və çeşiddə məhsullar gətirilir".