BAKI, 17 iyun — Sputnik. Koronavirusa qarşı peyvəndin klinik tədqiqatları Moskvanın iki tibb müəssisəsində 38 nəfərlik iki könüllü qrup üzərində aparılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bir qədər öncə, nazirlik Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Mərkəzində hazırlanmış COVID-19 əleyhinə preparatın insanlar üzərində test edilməsinə icazə verib. Testlər bu gün başlayıb.
Mütəxəssislər peyvəndin iki formasının - maye və liofilləşdirilmiş (quru, tozşəkilli) variantının orqanizmə təsirini öyrənəcəklər.
"Əzələdaxili inyeksiya üçün məhlul şəklində olan vaksinin sınaqları Burdenko adına hərbi hospitalda aparılacaq", - Səhiyyə Nazirliyinin press relizində deyilir.
Tozşəkilli variant isə Seçenov Universitetində sınaqdan keçiriləcək.
Səhiyyə Nazirliyindən bildiriblər ki, sınaqların potensial iştirakçıları iki həftə müddətində sanatoriyada saxlanılıblar. Onların qərarı könüllüdür, onlara prosedur, mümkün fayda, risklər və narahatlıqlar barədə məlumat verilib.