CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbhədə görünməyən düşmənlə üz-üzə: Yoluxma və ölüm hallarını necə azaltmaq olar?

"Səhhəti ağırlaşan hər xəstənin başında durub xidmət eləmək özü risklidir. Təcili xəstənin yanına qaçanda qoruyucu vasitəni geyinməyi düşünməyə də bilirsən" - Rəşad Ağarəhimov
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 iyun — Sputnik. Bu gün bütün dünyada koronavirusdan ən çox əziyyət çəkənlər tibb işçiləridir. Birbaşa olaraq xəstə ilə təmasda olduqlarından xüsusi qoruyucu geyimləri geymələrinə baxmayaraq onların həyatı hər zaman riskdədir. Ümumdünya Səhiyyə Təşkilatının protokollarına, sadə gigiyenik qaydalara əməl edilməməsi isə böyük həyati risk yaradır.

Çox pis rəqəm: Koronavirusa yoluxanların sayı 8 milyona yaxınlaşır

Bizim yerli həkimlər, tibbi personal da bu risk altında yaşayır. Artıq ölkəmizdə koronavirusla mübarizə aparan tibbi personal arasında bir neçə ölüm halı qeydə alınıb. Eyni zamanda, daha tez-tez həkimlərin təhlükəli virusa yoluxduğu ilə bağlı xəbərlər alırıq.

Bəzi ölkələr bu vəziyyətdən çıxış yolu kimi artıq müəyyən addımlar atıblar. Məsələn, texnologiyanın vətəni hesab edilən Yaponiyada həkimlər, tibbi personal ixtisaslaşdrılmış, proqramlaşdırılmış robotlarla əvəzlənib. Bəs, Azərbaycan tibbi personal arasında koronavirussa yoluxma sayını azaltmaq üçün nə edə bilər? 

Qobustan Rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsinin müdiri Rəşad Ağarəhimov Sputnik Azərbaycan-a açılamasında bu haqda danışaraq vəziyyəti dəyərləndirib: "Səhhəti ağırlaşan hər xəstənin başında durub xidmət eləmək özü risklidir. Çünki xəstə əl qol atıb maskanı da çıxara bilər. Təcili xəstənin yanına qaçanda qoruyucu vasitəni geyinməyi düşünməyə də bilirsən".

"Tibbi personalın yoluxma riskini aşağı salmaq üçün yapon xalqından örnək götürmək, onların həyat tərzinə dönə-dönə baxmaq, öyrənmək lazımdır. Onlar "olmaz" sözünü anlayan xalqdır. Bundan başqa, artıq yaponlar bu şəxsləri robotlarla əvəzləməyə başlayıblar. Düzdür, bu, yoluxmamaq baxımından yaxşı ideyadır. Amma bir məsələ də var. Robot mənəvi dəstək verə biləcəkmi? Baxın, xəstəyə xidmət təkcə dərmanını verib, iynəsini vurmaq deyil, həm də xəstədə inam yaratmaqdır. Bu səbəbdən bu ideyanı heç də ağlabatan qəbul etmirəm" – deyə həkim bildirir.

Rəşad Ağarəhimov robotların heç zaman insanı tam əvəz edə bilməyəcəyini bildirir: "Yaponların hansı formada, necə davrandıqlarını, həkimləri hansı robotlarla əvəz etdiklərini bilmirəm. Amma təsəvvür edin ki, palataya dəmir parçası daxil olub sizə sistem qoşur. Bu xəstədə də mənfi təsir yaradar, onda özünəinamı itirər. Beləcə, xəstə şəxs özünü təhlükəli hesab edər, mənəvi sarsıntı keçirər. Biz xəstələrin yanına gedəndə onlarla söhbət edirik, zarafatlaşırıq ki, darıxmasınlar, tez sağalacaqları ilə bağlı inam yaradırıq".

Həkim yoluxmanın qarşısını almaq üçün onlara verilən geyimlərin etibarlılığına da toxunub. Onun sözlərinə görə, verilən geyimlər bu virusa yoluxma riskini təxminən 70-80% azaldır: "Amma bu geyimləri çıxararkən təlimatlara əməl etmək lazımdır. Çünki bu geyimi düzgün çıxarmasan, o geyimin özündən də yoluxa bilərsən. Məsələn, biz hər dəfə xəstələrin yanına yeni forma ilə gedirik. Gündə 10 dəfə də olsa bu geyimi dəyişirik. Hər şey özümüzdən asılıdır. Özümüzü özümüzü qorumasaq. Bizə heç kim və heç nə kömək edə bilməz".