BAKI, 13 iyun — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib.
Sputnik Azərbaycan BŞBPİ-nin məlumatına istinadla xəbər verir ki, Nazirlər Kabineti "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" qəbul etdiyi qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir: "Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) maska taxmaq məcburidir. Sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, inzibati tənbeh tədbirləri görülür".