CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məni daha gözləmə - Bakıda bəzi marşrutları yığışdırırlar

7 sayda ekspres marşrut üzrə boş yürüşlərin sayı artıb, rentabelliyi azalıb, bu da avtobusların səmərəsiz fəaliyət göstərməsinə zəmin yaradır
Sputnik

BAKI, 12 iyun — Sputnik. Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspress marşrut üzrə sərnişindaşımaları 16.06.2020-ci il tarixindən dayandırılır. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, metro stansiyalarının fəaliyyətinin bərpa edilməsi səbəbindən ekspres marşrutlara olan sərnişin tələbatı kəskin şəkildə azalıb.

BNA yenə dəyişikliyə hazırlaşır: kondisioner problem olmasa...

Aparılan statistik təhlillər nəticəsində məlum olmuşdur ki, 7 sayda ekspres marşrut üzrə boş yürüşlərin sayı artıb, rentabelliyi azalıb, bu da avtobusların səmərəsiz fəaliyət göstərməsinə zəmin yaradır. Belə ki, ekspres xətlər üzrə 9 may tarixindən öncə orta hesabla gündəlik 45-46 min sərnişin daşınması həyata keçirilirdisə, metro stansiyalarının fəaliyyətə başlamasından sonra daşıma tədricən azalaraq 94% enmiş və hal-hazırda həmin xətlər üzrə 2-3 min ətrafında sərnişin səfər sayı həyata keçirilməkdədir. Qeyd olunan sayda sərnişinin metrodan istifadəsi hər-hansı bir çətinlik yaratmayacaq.

Həmçinin, ekspres xətlərdən çıxarılan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq. Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədilə təşkil edilən 7 sayda ekspres xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müddətdə ekspres xətlər üzrə ümumilikdə 1 milyon 500 minə yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspres xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.