Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 10 iyun — Sputnik. Milli Məclis mayın 31-də Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişini təsdiqləyib. Sputnik Azərbaycan-ın məlumatına görə, sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb. Saziş müddətsiz olaraq bağlanıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.
Əridilmiş pendir, günəbaxan toxumu, bəzi bitki mənşəli yağlar, müxtəlif növ şəkər qənnadı məhsulları, konservləşdirilmiş pomidor və makaron Türkiyədən Azərbaycana rüsumsuz ixrac ediləcək.
Pendir, çay, müxtəlif bitki yağları, şəkər, şokolad, cem, meyvə şirəsi, üzüm, alma, gavalı, göyəm, konservləşdirilmiş xiyar və pomidor Azərbaycandan Türkiyəyə rüsumsuz ixrac ediləcək.
Qeyd edək ki, bu məhsulların rüsumdan azad edilməsi onların qiymətinin də ucuzlaşmasına səbəb olacaq.
İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, hər iki ölkədə həm istehsal olunan, həm də tələbin olduğu məhsullar üzrə razılıq əldə edilib: "Rüsumlar xərc yüküdür və məhsulun maya dəyərində öz əksini tapır. Ona görə də həmin rüsumların ləğv edilməsi Türkiyədən ölkəmizə idxal olunan həmin məhsulların daxili bazarda daha ucuz qiymətə təklif edilməsinə şərait yarada bilər. Eyni zamanda Azərbaycandan ixrac edilən malların Türkiyədə daha aşağı qiymətə satılmasına və rəqabətli olmasına şərait yarada bilər. Bu addım ilə həm idxalın, həm də ixracın artması, yerli sahibkarların Türkiyə bazarlarında daha çevik qiymət siyasəti həyata keçirməsi mümkündür".
"Amma həmin mal qrupları üzrə yerli istehsalçıların daxili bazarda müəyyən qədər rəqabət aparmaq imkanları zəifləyəcək. Çünki məhsulların ölkəyə gətirilməsi ucuz başa gəlirsə, bazarda da daha aşağı qiymətə təklif olunur. Amma ümumilikdə bu razılaşmanın Azərbaycanın idxaldan asılılığına təsiri çox zəif olacaq. Azərbaycana gətirilən həmin malların qiyməti ucuzlaşacaq", – deyə o qeyd edib.
Rusiya və İran ilə də belə bir ticarət sazişi bağlamaq əlverişli ola bilərmi sualına ekspert belə cavab verib: "Həmin ölkələr ilə də bənzər formada sazişlər imzalana bilər. Amma burada daxili bazarın müdafiə olunması, məhsulların zəruriliyi və digər prinsiplər nəzərə alınmalıdır. Ehtiyac olan məhsul növləri üzrə razılıq əldə edilə bilər. Eyni zamanda yerli istehsal da həmin istiqamətlərdə olmalıdır".
Qeyd edək ki, parlamentin iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Ticarət Sazişi ilə bağlı bildirib ki, bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələyə yüksəlməsi üçün çox vacibdir və ölkəmizin iqtisadi maraqlarına uyğundur: "Ötən ilin məlumatlarına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur. Keçən dövr ərzində qardaş ölkə ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi 33 faiz artıb. 2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracı 36 faiz artıb. Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1,2 milyard dollara çatıb. Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında da mühüm rol oynayacaq".
Xatırladaq ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi" bu il fevralın 25-də imzalanıb və mayın 31-də Milli Məclis tərəfindən təsdiqlənib.