BAKI, 8 iyun — Sputnik. Rusiyalılar yaxınlarına baxmaq, müalicə, işləmək və təhsil almaq üçün xaricə səfər edə biləcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Baş Naziri Mixail Mişustin koronavirusla mübarizə üzrə koordinasiya şurasının prezidiumunda bildirib.
O həmçinin bildirib ki, xarici ölkə vətəndaşları da tibbi məqsədlər üçün Rusiyaya səfər edə biləcəklər. O qeyd edib ki, müvafiq qərarlar artıq imzalanıb.
Eləcə də Moskvada sabahdan - iyunun 9-dan etibarən özünütəcrid, icazələr və gəzinti qrafiki ləğv olunur. Bu barədə paytaxt meri Sergey Sobyanin özünün bloqunda məlumat yayıb. Şəhərin bütün sakinləri, o cümlədən 65 yaşdan yuxarı olan şəxslər və xroniki xəstəlikləri olanlar sabahdan heç bir məhdudiyyət olmadan öz işlərinin dalınca gedə, ictimai yerlərə baş çəkə bilərlər.