CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan özünə nəhəng bazar tapdı: malları onlayn bəyəndilər - FOTO

Xüsusi dadı və keyfiyyəti ilə tanınan Azərbaycan şərabları çinli alıcılar tərəfindən maraqla qarşılanıb
Sputnik

BAKI, 8 iyun — Sputnik. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycanın Çindəki səfirliyində Ticarət Nümayəndəliyinin və Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan şərablarının dequstasiyası ilə bağlı videokonfrans formatında master-klas təşkil olunub.

Cəsarətli təklif - Fransaya şərab da göndərə bilərik

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, videokonfrans zamanı Azərbaycanın "Şirvan Şərabları" MMC, "İsmayıllı Şərab-2" ASC, həmçinin "Göygöl Şərab Zavodu" ASC-nin istehsal etdiyi və əvvəlcədən iştirakçılara göndərilən şərabların dequstasiyası keçirilib.

AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev Azərbaycanda şərabçılığın inkişafı və bu istiqamətdə görülən işlər barədə videokonfrans iştirakçılarına məlumat verib. Qeyd olunub ki, Azərbaycanda şərab və digər spirtli içkilərin istehsalı qeyri-neft sektorunun prioritet sahəsidir və bu sahəyə dövlət tərəfindən böyük dəstək göstərilir. 2018-ci ildə qəbul olunmuş "2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı", Azərbaycan Şərabçılar Assosiasiyasının yaradılması şərabçılığın inkişafına olan diqqətin göstəriciləridir.

Azərbaycanın Çin Xalq Respublikasındakı Ticarət nümayəndəsi Teymur Nadiroğlu "Made in Azerbaijan" brendinin təşviqi və qeyri-neft məhsullarının, xüsusilə ölkəmizdə istehsal edilən şərab və digər spirtli içkilərin Çin bazarına ixracının daha da artırılması məqsədilə görülən tədbirlərdən danışıb, Çinin Urumçi və Şanxay şəhərlərində fəaliyyət göstərən şərab evləri haqqında iştirakçılara məlumat verib.

Azərbaycan özünə nəhəng bazar tapdı: malları onlayn bəyəndilər - FOTO

Tədbirdə Çin Milli İçki və Spirt Dövriyyəsi Assosiasiyasının baş katibinin müavini Vanq Zuminq, Çin Şərab və Spirtli İçkilər İdxalçıları və İxracatçıları Assosiasiyasının baş katibi Vanq Xuvei xüsusi dadı və keyfiyyəti ilə tanınan Azərbaycan şərablarının çinli alıcılar tərəfindən maraqla qarşılandığını bildirib, Çin bazarlarında Azərbaycan şərablarının satışının artırılması üçün əməkdaşlığın daha da genişləndirilməsində birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Sonda Azərbaycan şərablarının təşviqinə dair videoçarx nümayiş olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.