İDMAN

Milli Olimpiya Komitəsindən təkzib: "Belə "təşəkkür" məktubu yazmamışıq"

"MOK-un rəhbərliyinin belə bir məktub yazması mümkünsüzdür və bu cür iddia ilə çıxış edilməsi aşkar qərəzdən başqa bir şey deyildir"
Sputnik

BAKI, 6 iyun — Sputnik. Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) sabiq prezidenti Tamaş Ayana "təşəkkür məktubu göndərməsi" qalmaqalına aydınlıq gətirib.

Sputnik Azərbaycan-a Komitədən daxil olan məlumatda deyilir:

"İyun  ayının 5-də “insidethegames.biz” saytında “Maklarenin hesabatında Azərbaycan Prezidentinin Ayana dopinq cəzalandırılmasını gecikdirdiyinə görə təşəkkür etdiyi deyilir” başlığı ilə məqalə dərc olunub. Orada qeyd olunur ki, kanadalı professor Riçard Maklaren Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) sabiq prezidenti Tamaş Ayanın quruma rəhbərlik etdiyi dövrdəki fəaliyyəti barədə iddialar üzrə müstəqil qaydada apardığı və nəticələrini açıqladığı araşdırma-hesabatda Azərbaycan idmançıları ilə bağlı məsələlərə də toxunub.

Belə ki, iddiaya görə, Azərbaycan Milli Olimpiya Komitəsi 2016-cı ildə IWF prezidenti Tamaş Ayana təşəkkür məktubu yazaraq, əvvəllər etdiyi köməyə görə təşəkkür edib. Hesabata əsasən, bu kömək 2013-cü ildə qadağan olunmuş preparatları qəbul edərək dopinq cəzasına məruz qalmış 18 azərbaycanlı ağır atletin həmin cəzasının tətbiqinin gecikdirilməsi və onların həmin ilin dekabr ayında Bakıda keçirilən nüfuzlu Beynəlxalq Qran-Pri yarışında iştirakına imkan verilməsindən ibarət olub. Mütləq şəkildə bildirilməlidir ki, iddianın heç bir əsası yoxdur və absurd olduğu aşkardır.

Çünki Ümumdünya Antidopinq Məcəlləsinə əsasən, antidopinq qayda pozuntusunu törədən idmançının dopinq nəzarəti testi götürüldüyü tarixdən etibarən qərarın tarixinədək əldə etdiyi bütün nəticələri ləğv edilir. Bu isə o deməkdir ki, haqqında danışılan idmançılar onsuz da cəzalandırılıblar. Bu addım idmançının həmin müddətdə qazandığı nəticənin böyük və kiçikliyindən, yarışın nüfuz və əhəmiyyətindən asılı olmayaraq atılır. Yəni qərar qəbul edilənə qədər idmançının hər-hansı yarışda iştirakının heç bir əhəmiyyəti yoxdur. Bu səbəbdən də həmin hesabatda qeyd edilən bu və digər iddialar əsassız, qərəzli xarakter daşıyır".

"Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi belə bir “təşəkkür” məktubu yazmayıb. MOK-un rəhbərliyinin belə bir məktub yazması mümkünsüzdür və bu cür iddia ilə çıxış edilməsi aşkar qərəzdən başqa bir şey deyildir", - MOK-un məlumatında vurğulanır.