ELM

Hərarəti olan abituriyentlərin imtahanda iştirakı üçün çıxış yolu var - TƏKLİF

"Hesab edirəm ki, hər iki qərar həm ədalətsizlik, həm də təhsilin əlçatanlığı prinsipinin pozulmasıdır. Çünki imtahan stressi, isti hava şəraiti ilə əlaqədar olaraq da şagirdlərin hər hansı birində hərarət qalxa bilər" - Kamran Əsədov
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Bu gün Azərbaycanda da yayılan koronavirus pandemiyası bütün sahələrə zərər vursa da, bir müddət sonra bir çox fəaliyyət sahələri bərpa olunub. Lakin mart ayından etibarən təhsil ocaqları, tədris müəssisələri və repetitorların fəaliyyəti dayandırılıb ki, bu da buraxılış imtahanı verməyə hazırlaşan 9 və 11-ci sinif şagirdlərinin ali məktəbə hazırlıq prosesinə mənfi təsir edib. Bu faktorlar fonunda ötən gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin çıxışı da abituriyentlərdə narahatlıq yaradıb. Belə ki, M.Abbaszadə bildirib ki, hərarəti olan abituriyentlər imtahan zalına buraxılmayacaq.

Ali məktəblərə qəbul imtahanları hansı qaydalarla keçiriləcək – DİM rəsmisi açıqlayır

Yəni, bu şəxslərin imtahanı sentyabradək təxirə salına bilər. Tədris üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bu qərara etirazını bildirib: "Martdan etibarən tədris prosesi dayandırıldıqdan sonra iki əsas məsələ ortaya çıxdı: dərslərin bərpası və mövcud pandemiya dövründə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının verilməsi. Təəssüflər olsun ki, pandemiya ilə əlaqədar olaraq orta ümumtəhsil məktəblərində dərslərin bərpası mümkün olmayıb. Bunun fonunda qəbul imtahanlarının təşkili problemi ortaya çıxdı. Pandemiya ilə əlaqədar olaraq bir neçə yeni qayda ortaya çıxdı ki, onlardan biri imtahan otaqlarında imtahan iştirakçılarının sayı ilə bağlı oldu. İmtahan otağında şagird sayı 12-15 olaraq müəyyənləşdirildi".

"Yeni qaydalardan biri kimi imtahana gələn şəxsin tibbi yoxlanışı da vacibdir və əgər bu şəxslərdən hər hansı birində yüksək temperatur aşkarlanarsa, onun imtahana buraxılışı məhdudlaşdırılır. Lakin bu şəxslərə sentyabrda təkrar imtahan vermək şansı verilir", - deyə ekspert əlavə edib.

Kolleclərə sənəd verən abituriyentlərlə bağlı son rəqəm açıqlandı

O bildirib ki, hər bir imtahan iştirakçısı imtahan vərəqəsinin arxa hissəsində koronavirusla bağlı məlumatın olduğu səhifəyə də imza atmalı olacaq: "Yəni, bu şəxslərin hər hansı birində koronavirus varsa, onlar bunu gizlədirsə, bu zaman həmin şəxslərin imtahan nəticələri ləğv olunacaq. Hesab edirəm ki, hər iki qərar həm ədalətsizlik, həm də təhsilin əlçatanlığı prinsipinin pozulmasıdır. Çünki imtahan stressi, isti hava şəraiti ilə əlaqədar olaraq da şagirdlərin hər hansı birində hərarət qalxa bilər. Bu səbəbdən ən azı iki dəfə onların hərarəti ölçülməlidir".

"Bundan başqa, hesab edirəm ki, imtahana giriş zamanı yüksək hərarəti olan şəxslərə sentyabrda deyil, keçirilən digər imtahanlarda şərait yaradılsın. Mövcud vəziyyətə görə, ölkəmizdə 6 mindən çox şəxsdə koronavirus aşkarlanıb. Bunların hər birini bir ailə hesab etsək, bu o deməkdir ki, 6 min abituriyentin imtahanda iştirakı məhdudlaşdırıla bilər. Bu da düzgün yanaşma tərzi deyil. Onlara ayrı otaqlarda da imtahan vermək imkanı yaradıla bilər. Çünki martdan etibarən repetitorların da fəaliyyətinin məhdudlaşdırılması fonunda əlavə stress faktorunun yaradılması düzgün deyil".