CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güzəştli mənzillər adlarına uyğundurmu və yaxud bunun nəyi güzəştdir?

Mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda 1 otaqlı mənzil üçün aylıq 138-143 manat, 2 otaqlı mənzil üçün 182-230 manat, 3 otaqlı mənzil üçün isə 245-268 manat ödəniləcək.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edib. Satışa ümumilikdə 249 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Mənzil sahibi olmaq istəyənlərə şad xəbər

Sputnik Azərbaycan xəbər verir ki, MİDA-nın məlumatına görə, Agentliyin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında satışa çıxarılan mənzillərin qiymətlərindən, tətbiq edilən güzəştlər və əlavə endirimlərdən danışıb.

Ekspert bildirib ki, MİDA-nın bu istiqamətdə kifayət qədər təcrübəsi var: "Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi istər qiymət, istər prosesin icrası baxımından özünü doğruldub. Digər tərəfdən, bu yaxınlarda güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları da genişləndirilib. Artıq gənc ailə üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər. Eyni zamanda buraya "ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs" kateqoriyası da əlavə olunub. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər".

Bakıda güzəştli mənzillərin satışı başladı - Qiymətlər də məlumdur

Bu kateqoriyaları daha da genişləndirmək mümkündürmü sualına ekspert belə cavab verib: "Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarını daha da genişləndirmək olar, amma bu məsələ hələlik bu gün üçün aktual hesab edilmir. Onsuzda müraciətlərin sayı çoxdur. Məsələn, Yeni Yasamal layihəsində təxminən 1800 mənzil üçün 20 minə yaxın müraciət var idi. Bu mənada hesab edirəm ki, indiki halda kateqoriyaların genişləndirilməsi müraciətlərin sayını bir qədər də artıracaq və əlavə texniki problemlər yarada bilər. Amma layihələrin istiqamətləri genişlənərsə, bu addımı atmaq olar".

Mənzillərin qiymətlərindən danışan ekspert bildirib ki, mənzillərin qiymətini normal hesab etmək olar: "Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır. Hazırda əvvəlki texniki və digər qüsurlar yoxdur, aradan qaldırılıb. Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə alanlara 10% güzəşt ediləcək. Yəni şəxs mənzilin pulunu tam ödəyirsə, həmin vəsaitdə 10 faiz güzəşt nəzərdə tutulur. Belə ki, mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı 1 otaqlılar üçün 28 min 917 manatdan, 2 otaqlılar üçün 38 min 174 manatdan, 3 otaqlılar üçün 51 min 408 manatan başlayır".

O qeyd edib ki, gələcəkdə MİDA-nın həyata keçirdiyi layihələrə alternativ başqa layihələr təklif olunarsa, o halda qiymətlərə düzəlişlər qaçılmaz olacaq: "Amma bugünkü şərtlər daxilində tələb yüksəkdir və tələb yüksək olduğu dövrdə MİDA-nın təqdim etdiyi qiymətlər mövcud bazar qiymətlərindən aşağıdır. Məsələn, MİDA tərəfindən Yeni Yasamalda təmirli mənzilin 1 kvadratmetri 950 manata təklif olunurdu. Nağd alışlarda bu rəqəm hətta 860 manatadək gəlib düşürdü. Amma biz faktiki olaraq Yeni Yasamalın mənzil bazarını araşdırdıqda orada təmirli mənzilin bir kvadratmetrinin 1150-1200 manatdan başladığının şahidi oluruq. Burada növbəlilik mütləq şəkildə gözlənilir".

Satılacaq kirayə mənzil bazarında durum: hələlik altı nəfər arzusuna çatıb

Qeyd edək ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şosesi - Hava Limanı 12-ci km. "22" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin satışı 30 iyun 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 7 iyul 2020-ci il tarixi saat 11:00-dək davam edəcək. Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub. Mənzillərin satış qiymətinə ƏDV daxildir. Mənzillərin sahəsi isə 1 otaqlılarda 38-39 kvadratmetr, 2 otaqlılarda 50-63 kvadratmetr, 3 otaqlılar 67-73 kvadratmetr arasında dəyişir. Bu, mənzillərin daxili perimetrlə ölçülən sahəsidir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda 10 faiz minimal ödəniş tələb olunur. Mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda 1 otaqlı mənzil üçün aylıq 138-143 manat, 2 otaqlı mənzil üçün 182-230 manat, 3 otaqlı mənzil üçün isə 245-268 manat ödəniləcək. Qeyd edək ki, kredit illik 4 faiz dərəcəsi ilə 3-30 il müddətinə verilir.