Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 2 iyun — Sputnik. Koronavirus pandemiyası dövründə Azərbaycanda tibbi maska və kombinezon istehsal edən iki müəssisə fəaliyyətə başladı. SARS-CoV-2 koronavirusunun yayılması bir daha Azərbaycanda tibbi sənayenin inkişafının zəruri olduğunu ortaya çıxartdı. Bəs görəsən, ölkəmizdə tibbi sənaye hansı istiqamətdə inkişaf etdirilməlidir?
Professor Adil QeybullaSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son aylarda tibbi sənaye sahəsində dirçəliş olsa da, bu, hələ yetərli sayıla bilməz: "Azərbaycanda bu gün həyati əhəmiyyət kəsb edən, ən vacib dərman preparatları belə istehsal edilmir. Tibbi sənayenin inkişafı ölkəmiz üçün çox vacibdir. Koronavirus pandemiyası göstərdi ki, biz tibb sahəsində ən bəsit tibbi ləvazimatları istehsal etmirik. Maska, şpris kimi tibbi ləvazimatlara görə xaricdən asılıyıq. Bu gün ağrıkəsici bəsit inyeksiya vasitələrini xaricdən idxal edirik".
A.Qeybulla bildirir ki, Sovet dövründə də Azərbaycanda tibbi sənaye inkişaf etməyib:
"Sovetlər birliyində də bizim dərman vasitələrinə tələbatımızı Belarusiya, Ukrayna ödəyirdi. Artıq Azərbaycan müstəqil dövlətdir. Tibb sənayesinin inkişafına maraqlı olmalıdır. Bunun üçün xaricdən investor cəlb edilməli, sərmayə qoyulmalıdır. Çox təəssüf ki, ölkəmiz tibbi sənayenin inkişafında çox geri qalıb. Azərbaycanda maska və şpris istehsal edən müəssisələrin açılması bu sahədə sənayenin başlanğıcı olmalıdır. Xarici ölkələrdə dərman istehsal edən məşhur şirkətlərlə müqavilə bağlanmalı, ölkəmizdə tibbi sənayenin inkişafına iri həcmli sərmayə qoyulmalıdır".
Professorun sözlərinə görə, tibbi sənayenin inkişafı üçün kadr hazırlığı da aparılmalıdır: "Azərbaycanda əczaçılıq sahəsində kadr hazırlanmalıdır. Çünki bu sahədə yetişən kadrların çoxu yaşlanıb. Tibb Universitetində bu sahə üçün ixtisaslı kadr hazırlanmalıdır".
Deputatlarımız nöqtəni qoydular: əməl etməsəniz, 100 manatla vidalaşın>>
İqtisadçı Samir Əliyev isə tibbi sənayenin inkişafına nail olmaq üçün bir sıra işlər görülməli olduğunu söyləyir. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tibbi sahədə idxaldan böyük asılılıq var: "Ən sadə texnologiya tələb edən maskanın istehsalına biz təzə-təzə başlayırıq. Hansı ki, bunun istehsalında yüksək texnoloji avadanlıq tələb olunmurdu. Azərbaycan çalışmalıdır ki, tibbi ləvazimatlarla bağlı idxaldan asılılıq azalsın. Neft emalından alınan tullantılardan analiz və dərman qutularının istehsalına başlaya bilərik. Bu gün bizim universitetlər bunun üçün kadr da hazırlamalıdır. Bəzi dərmanlar var ki, onları ölkəmizdə istehsal edə bilərik. Pandemiya onu göstərdi ki, idxaldan asılılıq bizə çox böyük problem yaradır. Bu problemi aradan qaldırmaq üçün isə bazar münasibətləri formalaşmayıb.
Dərmanların qiymətlərinin bazar tərəfindən tənzimlənməsi Azərbaycanda tibbi sənayenin inkişafına, dərman istehsalına mane olur. Dərmanların qiymətinin tənzimlənməsi insanlar üçün yaxşıdır. Bu, biznesin inkişafına problem yarada bilər. Amma biz çalışmalıyıq ki, bu biznes səmərəli biznesə çevrilsin. İstənilən sənayenin bazarları axtarılmalıdır. Dövlət biznes mühiti yaratmalıdır ki, iri sahibkarlar problemlə üzləşməsinlər.
Sahibkarların ucuz kreditlərə əlçatanlığı təmin edilməlidir. Yalnız bundan sonra biz tibbi sənayenin inkişafı, bu sahəyə investorların cəlbindən danışa bilərik. Əks halda, biz hələ illərlə ən sadə tərkibli dərmanları, dərman ləvazimatlarını xaricdən idxal etməli olacağıq".