“Filankəs məşhur oldu, indi heç kimi tanımır”, “vəzifəyə keçəndən sonra bu adamı tanımaq olmur, telefonu həmişə qapalıdır” kimi ifadələrə günümüzdə tez-tez rast gəlirik.
Tısbağa qınından çıxdı, qınını bəyənmədi?
İnsanın statusu dəyişdisə, yeni çevrəsi yarandısa, əvvəlki həyatından əsər-əlamət qalmır adətən. Dünən hamıya açıq olan birisi bir növ gizlənməyə, köhnə tanışlarından uzaq durmağa çalışır. Belə bir davranış hətta ən mehriban dostların, yaxın qohumların da arasına nifaq salır. Nə əvvəlki münasibəti bərpa, nə də yaranan uçurumu dəf etmək olur.
Çox nadir halda nə vaxtsa yaxın olan insanlar əlaqəni itirmirlər, ara-sıra bir-birindən hal-əhval tuturlar. Niyə sosial statusu dəyişən bir insan köhnə çevrəsi üçün yadlaşır, dünənki əlaqələrini heç bir təəssüf hissi keçirmədən qırır? Niyə vəzifə adamı çox vaxt qınaq obyektinə çevrilir? Köhnə dostları bunu çox zaman təkəbbürlə əlaqələndirirlər. “Tısbağa qınından çıxdı, qınını bəyənmədi” deyə dünən canbir olduqları insanı günahlandırırlar.
Sosial statusu yüksələn insan hər işində zamanın əhəmiyyətini anlayır
Əslində, sosial statusu yüksələn insanın davranışının da dəyişməsi tam normaldır. Dünənki davranış modeli bu gün işə yaramır. Səbəb zamana münasibətin dəyişməsi ilə əlaqəlidir. Yəni, dünən özündə elə də ciddi məsuliyyət, hər hansı bir yük duymayan insan sabah vəzifə başında müxtəlif cür problemin öhdəsindən gəlməlidir. Adi əməkdaşla məsul şəxsin nə məsuliyyəti, nə də zamanı eyni qiymətləndirilə bilməz. Böyük bir təşkilatın yükünü çəkən insanın artıq nə azad zamanı var, nə də əvvəlki kimi öz ömrünü kiçik problemlərin həllinə sərf etmək imkanı.
Sosial statusu yüksələn insan artıq hər bir işində zamanın əhəmiyyətini anlayır. Dünən o, bir işi çox cüzi bir məbləğə görməyə razı olan şəxs idisə, bu gün yüzlərlə insanın gözü ondadır, onun həm gəliri artıb, həm məsuliyyəti. Boş vaxtı da yoxdur. Bir var adi insansan, gündə sosial şəbəkədən sənə 10-15 mesaj gəlir, bir də var yüksək statusu olan bir məşhura çevrilmisən. Belə adama hər gün yüzlərlə müraciət ola bilər. Hərə bir şey umacaq. Bir çox populyar insan hətta məcbur olub sosial şəbəkə profilləri üçün əlavə bir əməkdaş da cəlb edir. Köhnə telefon nömrəsinə də dayanmadan zəng gəlir, məcbur olub yenisinə keçməlidir.
Populyar insan istəsə də, istəməsə də başqa cür yaşamağa məcburdur
Məsələn, məşhur müğənninin qrafiki çox sıxdır. Konsert proqramları, yeni mahnıların və geyimin sifarişi, mətbuata verilən müsahibələr xeyli zaman tələb edir. Köhnə dost-tanışla təmas qurmağa da imkan yoxdur. Bir vaxt çox mehriban olan insanlar uzun illər sonrası görüşdükdə belə danışmağa söz tapmırlar, maraqlar dəyişib, hərənin öz işi var, zaman çox qiymətli olub, onu kimə gəldi sərf etmək də olmur. Piramidanın zirvəsinə yüksəldikcə, zamanı mənasız işlərə, maraqsız insanlara sərf etmək həvəsi azalır.
Elm, sənət dalınca gedən, uğur qazanan insanların lazımsız ünsiyyətə zaman sərf etmək imkanı da heç olmur. Məsələn, muğam sənətini mənimsəmək üçün bir ömür bəzən bəs eləmir, hər bir kişi xanəndə səhnədə Məcnunu, Şah İsmayılı ifa etməyi, sənətini bütün dünyada tanıtdırmağı arzulayır.
Məgər onun boş-boş işlərə zaman sərf etməyə imkanı varmı? Əlbəttə, yox. Məqsədə çatmaq üçün xanəndə hər gün məşq etməli, çalışmalıdır.
Zamana münasibəti maraqlı bir Hollivud filmində müşahidə edirik. Təyyarə qəzasında həlak olmuş insanların ailələrinə kompensasiya verilməsi zamanı sığorta şirkəti hər insanın həyatını müxtəlif cür qiymətləndirməyə məcbur olur. Əgər sən adi fəhləsənsə, onda yaxın on ildə qazana biləcəyi məbləği hesablayıb ailəsinə təklif edirlər. Varlı bir iş adamının isə həyatı daha çox qiymətləndirilir. Onun ailəsini eyni təkliflə razı salmaq olmur. Bu pulları o bir aya qazanırmış. Bir qədər qəddar görünsə də, sığorta şirkəti həyatın reallığını nəzərə almalıdır.
Populyar insan istəsə də, istəməsə də başqa cür yaşamağa məcburdur. Onun həm məsuliyyəti artıb, həm də zamana münasibəti dəyişməlidir. Ətrafdakı insanların acı atmacalarına isə daha dözümlü olmalısan, çünki hərənin bir umacağı var. Hamıya da xoş olmaq çətindir. Bir qədər təmkinli davranmaqla hər bir çətinliyin öhdəsindən gəlmək mümkün olacaq.