BAKI, 25 may — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir
Nazir seçimi
Ötən həftə mədəniyyət naziri Əblüfəs Qarayev vəzifəsindən azad edildi. Bu, bir neçə gün öncə nazirlikdə keçirilmiş əməliyyatın məntiqi, gözlənilən davamı idi. Nazirliyin mədəniyyəti bir kənara qoyub, "mədə niyyətli" davranmış bir neçə vəzifəli şəxsinin həbsindən sonra mədəniyyət nazirinin vəzifəsindən azad olunmasının ardınca nazir postuna sosial şəbəkələrdə kadr axtarışı başladı. İnzibati iş üçün uyğun namizədlərlə yanaşı, bir sıra müğənnilərin adları da namizədlər sırasında hallanırdı: Brilliant Dadaşova, Aygün Kazımova və hətta Röya.
Yaxşı ki, nazirləri sosial şəbəkələrdə seçmirlər.
DSX-dan film
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyev və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxslərinin "toradüşmə" videosu da əvvəlkilər kimi maraqlı qarşılandı.
Prezident İlham Əliyevin məcburi köçkünlərə verilən evlərlə bağlı qanunsuzluqların aşkarlanması və bu istiqamətdə tətbirlər görüləcəyi barədə verdiyi anons isə neqativ hallara qarşı mübarizənin ardıcıl xarakterini ifadə etməklə yanaşı, yeni əməliyyat videolarının yayılacağını deməyə əsas verir. Bir sözlə, popkornlarınızı hazırlayıb, gözləyin...
Şuşada andiçmə
Ötən həftə qondarma Dağlıq Qarabağ respublikasının qondarma prezidenti Şuşada and içdi. "Andiçmə" şousunda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edirdi. Ermənistan pandemiya şəraitində Qarabağda separatçı rejim üçün "seçki" keçirməklə erməni icmasını təhlükəyə atdı. İndi isə bu mərasim. Bütün bunlar isə insan haqları, demokratiya, dövlətlərin suverenliyini başlıca prinsip elan etmiş Qərbdən görünmür. İkili standartlar, Ermənistana sığallar davam edir.
ABŞ-ın Ermənistandakı səfirinin Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli şəkildə həlli ilə bağlı açıqlaması ilə əlaqədar suala verdiyi cavaba baxın: "Biz vasitəçilik missiyasının bir hissəsi kimi konstruktiv fəaliyyət göstərməyə çalışırıq və bu çoxillik münaqişəni həll etməkdə qərarlıyıq".
Cavab özü başdan-ayağa siyasi spekulyasiyadır. Ona görə də belə görünür ki, Şuşaya Azərbaycan tankının üstündə getmək lazım olacaq.
Kitabxanalarsız necə olacaq?
Məlum olduğu kimi, ötən həftə karantin rejimi bir qədər də yumşaldıldı. Bir çox obyekt və müəssisələr fəaliyyətini müəyyən şərtlər daxilində bərpa etdi. Vətəndaşlar isə kitabxanaların açılmasını səbirsizliklə gözləyir, sosial şəbəkələrdə bu məzmunda müxtəlif tonlarda çağırışlar səslənir, petisiyalar imzalanır...(?!) Dövlət isə bilir ki, sosial məsafə bizdə ən çox kitabxanalarda pozulur, ona görə tələsməyə dəyməz.
Mənsimovun pulları
Rumıniyalı sabiq futbolçu Ketelin Likioyu Moldova mətbuatına müsahibəsində 2005-ci ildə "Xəzər Lənkəran" – "Nistru" oyununda rəqibin onlara uduzmaq üçün 250 min dollar təklif etdiyini bildirib.
Müsahibə idmansevərlər, xüsusilə "Xəzər" azarakeşləri tərəfindən birmənalı qarşılanmasa da, indi-indi aydın olur ki, Mənsimovun futbol layihəsi niyə fiaskoya uğrayıb. Milyonlarla manat pul yatırılan klub zəif Moldova təmsilçisini meydanda döyüşərək keçməyə köklənmək əvəzinə meydandan kənarda həllər axtarırmış. Bircə bu misal klubun idarəçiliyini təcəssüm etdirir və sonrakı aqibətinin səbəblərinə işıq tutur.
Bayram faciəsi
Təəssüf ki, həftənin bazar günü Mingəçevirdən ürək dağlayan xəbər gəldi. Avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət aldı. Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb. Bu zaman həyat yoldaşının avtomobil idarə etməyi öyrətdiyi Zülfiyə adlı xanım "Opel" markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb.
Üç bitki
Nəhayət, koronavirus bizimlə birlikdə qalmaqda davam edir. Ötən həftə dünyada virusa yoluxanların sayı 5,5 milyona, həyatını itirənlərin sayı isə 350 minə yaxınlaşdı. Bununla belə, bütün dünyada karantin rejimlərinin şərtləri yumşaldılır, hamı "evindən çıxır", sərhədlərin açılması ilə bağlı müzakirələr aparılır. Görünən odur ki, virusa münasibətimiz dəyişir - biz onunla birlikdə yaşamalı olacağıq.
Hər halda, gəlin, immunitetimizi möhkəmləndirək. Məsələn, rusiyalı gözəl xanım, fitnes-dietoloq Anna Yolkinanın tövsiyəsini nəzərə alaq. O, immun sistemini 3 bitki ilə möhkəmləndirməyi məsləhət görür: çaytikanı, mərcangilə, quşüzümü.