SƏHİYYƏ

Biz indi koronavirus dalğasının harasındayıq?

Bəzi ölkələrin koronavirusa qalib gəldiyini elan etməsi fonunda ÜST rəsmisinin açıqlaması pandemiyanın səngidiyinə ümid edən optimistlərin üzərinə qaynar su kimi çilənib
Sputnik

BAKI, 25 may - Sputnik. Bəşəriyyət hələ yalnız COVID-19 xəstəliyinin birinci dalğasının ortasına çatıb. Pandemiyanın növbəti piki tamamilə gözləniləndir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə proqramının rəhbəri Mayk Rayan deyib.

“Hal-hazırda biz ikinci dalğanı yaşamırıq, biz hələ birinci dalğanın tam ortasındayıq. <...> Biz bu dalğanın ikinci pik nöqtəsini də görə bilərik: qabaqlar da pandemiyalar zamanı belə hallar olub”, - Rayan deyib.

O izah edib ki, pandemiyanın yeni pik həddi virusun Mərkəzi və Cənubi Amerikada, Cənubi Asiyada və Afrikada yayılması ilə gələ bilər.

Rayanın sözlərinə görə, xəstəliyin artımının müvəqqəti yavaşıması o demək deyil ki, bu meyl gələcəkdə də davam edəcək.

O, həmçinin qeyd edib ki, dünya bundan sonra infeksiyanın ikinci dalğasını da qarşılamağa hazır olmalıdır: o, mövsümi qriplə üst-üstə düşə bilər.

Qeyd edək ki, COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 yeni tip koronavirusu 2019-cu ilin dekabrında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. 2020-ci il martın 11-də ÜST yeni koronavirus epidemiyasını pandemiya adlandırıb.