Turistləri çimərliklərdə koronavirusa yoluxmaqdan müdafiə etməyin yolu tapılıb

İspaniya çimərlik mövsümünə hazırdır: turistləri koronavirusa yoluxmaqdan xilas etmək üçün süni intellektin köməyindən istifadə olunacaq.
Sputnik

BAKI, 15 may — Sputnik. İspaniyada turistləri süni intellektin köməyi ilə çimərliklərdə koronavirusa yoluxmaqdan qorumaq üçün bir yol tapılıb. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Özünütəcrid zamanı çimərlik kefi – VİDEO

Nəşrin bildirdiyinə görə, Kosta-del-Sol sahillərindəki Fuenxirola şəhərinin çimərliklərindən birində sosial məsafəni təmin etmək üçün xüsusi sensorlar quraşdırılıb. Fənər sütunlarına bərkidilmiş skanerlər istirahət edənlərin sayını izləyəcək və sonra smartfonlardakı tətbiqlər vasitəsilə insanlara ən çox yüklənmiş ərazilər barədə məlumat verəcəklər.

İnteraktiv xəritə işıqfor sistemi üzrə işlənib hazırlanıb: yaşıl - rahat zona, narıncı - ərazinin 75 faizi dolub, qırmızı - istirahət üçün yer yoxdur deməkdir.

İnsanların daha dəqiq hesablanması üçün proqram çimərliyi sensorlar arasında virtual kvadratlara bölür. Beləliklə, qurğular əraziyə daxil olan və oradan çıxan turistlərin sayına daim nəzarət edə bilir.

Sistemi yaradan şirkətin direktoru Karlos Moreno qeyd edib ki, gələcəkdə bu sensorlardan insanların toplandığı digər yerlərdə, məsələn, ticarət mərkəzlərində və ya tədbirlərin keçirildiyi meydançalarda istifadə edilə bilər.

Aprel ayında italyan dizaynerlər ictimai çimərliklərdə istirahət edənləri ayırmaq üçün pleksiqlas ekranların quraşdırılmasını təklif ediblər. Amma ideya xilasedicilərin tənqidinə səbəb olub. Onlar qeyd ediblər ki, oradakı insanlar istidə susuzluqdan öləcəklər.