BAKI, 15 may — Sputnik. Kiçik Biznes üçün məsləhət xidmətinin analitikləri hesab edirlər ki, dünyanın ilk dollar trilyoneri "Amazon"-un təsisçisi Ceff Bezos olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Comparisun" nəşri yazıb.
Ekspertlərin hesablamalarına görə, bu, 2026-cı ilə qədər baş verəcək.
"Bloomberg"-in məlumatına görə, hazırda Bezosun varidatı 144 milyard dollar təşkil edir. Ekspertlər hesab edirlər ki, koronavirus pandemiyası ilə əlaqədar onlayn alış-verişlərə tələbatın artması yaxın gələcəkdə iş adamının gəlirlərini ciddi şəkildə artıracaq. Qeyd edildiyi kimi, "Amazon" şirkətinin səhmlərinin dəyəri hazırda çox artıb. Cari il ərzində Bezos öz varidatını 29,4 mlrd. dollar məbləğində artırıb.
Dünyanın ikinci dollar trilyoneri isə Çinli developer Syuy Tszyain ola bilər. Analitiklərin hesablamalarına görə, bu, 2027-ci ildə baş verəcək. Üçüncü yer, "Alibaba Group"-un qurucusu Cek Maya məxsus ola bilər. Hazırkı vəziyyətini nəzərə alaraq, Cek Manın vəsaitlərinin 2030-cu ildə trilyon dollara çata biləcəyi proqnozlaşdırılır.