HADİSƏ

Sel Azərbaycanın əsas yollarından birini iflic etdi - FOTOLAR

Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel suları avtomobillərin içərisinə dolub.
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 14 may - Sputnik Azərbaycan. Bu gün axşam saat 16.30 radələrindən etibarən  İsmayıllı rayonu ərazisinə yağan güclü leysan nəticəsində sel suları bir cox fəsadlar əmələ gətirib. Bir neçə saat davam edən leysan yağışdan sonra dağlardan gələn sel Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı və Talıstan kəndləri ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinlik yaradıb.

Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün yolu sel basıb. Sel sularının dağlardan gətirdiyi iri daşlar, ağac kötükləri və lil qatı yolun bağlanmasına səbəb olub. Nəticədə Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel suları avtomobillərin içərisinə dolub.

Hazırda İsmayıllı rayon yol-istismar idarəsinin texnikaları əraziyə cəlb olunub. Artıq yollar təmizlənib və avtomobillərin gediş-gəlişində heç bir maneə yoxdur. Sel nəticəsində yolun asfalt örtüyünə və su ötürücülərə ziyan dəyib.