CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alış-veriş mərkəzlərində koronavirus təhlükəsi - Nələrə diqqət yetirməliyik

Hər kəsin gigiyenik qaydalara mütləq qaydada əməl etməsinə əmin olmadığımızdan, bu məsələdə mağaza sahibləri diqqətli olmalıdır.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. Artıq bir neçə gündür ki, karantin rejiminin yumşaldılması ilə əlaqədar bəzi sahələrdə fəaliyyətə icazə verilib. Geyim mağazaları, məişət cihazlarının satıldığı məkanların da fəaliyyəti bərpa olunan sahələr sırasındadır. Koronavirus pandemiyasının yayıldığı dönəmdə hər kəsi düşündürən məqamlardan biri də alış-veriş zamanı bu əşyalarda bizə virusun keçmə ehtimalının nə qədər real olmasıdır. Danılmaz faktdır ki, alış-veriş zamanı müştərilər almaq istədiyi məhsula toxunur. Bu baxımdan ən böyük təhlükə geyim mağazalarındadır. Çünki geyim əşyaları alınan zaman müştərilər ölçüsünü dəqiqləşdirmək mağazadakı paltarları geyinib yoxlayırlar. Bəs görəsən indiki şəraitdə buna hansısa qadağalar tətbiq edilməlidirmi?

Həmsöhbət olduğumuz mağazalarda satıcılar geyilərin ölçüsünü yoxlamağa heç bir qadağa qoyulmadığını söylədilər. Paytaxtda yerləşən geyim mağazalarından birinin satıcısı Leyla Həsənova deyir ki, mağazaya daxil olan satıcıların əlləri içəri girən kimi dezinfeksiya olunur. Amma satıcı müştəriyə geyimi ölçüsünü geyinərək yoxlamaqda qadağa qoymağın mümkün olmadığını deyir. Onun sözlərinə görə, müştəri aldığı geyimi ən azı bir dəfə geyinərək bəyənməmiş almır.

Koronavirusun ən təhlükəli xassəsi açıqlandı

Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdiri Nabil Seyidov isə deyir ki, koronavirus ən çox yaxın təmas zamanı bir insandan digərinə keçir. Amma geyim mağazalarında paltarların mütəmadi olaraq müxtəlif insanlar tərəfindən geyinilməsi koronavirusa yoluxma riski yarada bilər. Ona görə də mağazalarda qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Şöbə müdiri bildirir ki, hər kəsin gigiyenik qaydalara mütləq qaydada əməl etməsinə əmin olmadığımızdan, bu məsələdə mağaza sahibləri diqqətli olmalıdır: “Mağazanın girişində dezinfeksiyaedici məhlullar qoyulmalı, personalın tibbi maska, əlcəkdən istifadə etməsi təmin edilməlidir. Bundan başqa geyim dükanlarında hər ölçüyə uyğun konkret paltar nümunələrindən istifadə olunsa daha yaxşı olar. Bu tövsiyəyə yaxşı olar ki, geyim mağazaları əməl etsinlər”.

N. Seyidov məişət cihazlarının satışı mağazalarında da mümkün qədər əşyalara alıcıların təmasını məhdudlaşdırmaq üçün sipərlər çəkilməli olduğunu deyir: “Xüsusə mobil telefonların satıldığı mağazalarda alıcıların cihazlarla təmasına məhdudiyyət qoyulmalıdır”.

Seyidov koronavirus təhlükəsi bitənə qədər həm müştərilərin, həmçinin də mağazalarda satıcıların maksimum ehtiyatlı davranmalı olduğunu söyləyir.