İQTİSADİYYAT

Bu ilin gələn ilə çıxmasını gözləməyin, hələ ötən ilə çatmağına da çox var

"Bu virusa qarşı dünyada dərmanın, vaksinin tapılması, qorxu ab-havasının geridə qalması önəmlidir ki, 2021-ci ilin ortalarına yaxın iqtisadi sahədə vəziyyət öncəki kimi bərpa olunsun" - Natiq Cəfərli
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Bir müddət öncə İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiya səbəbindən Azərbaycan iqtisadiyyatının gündəlik 120-150 milyon manat dəyərində itki verdiyini açıqlayıb. Ekspertlər qeyri-müəyyən müddətə qədər davam edəcək itkinin fəsadlarının daha da böyüyəcəyini istisna etmirlər. Bəs bu fəsadlar nədən ibarət ola bilər?

Koronavirusdan sonra dünya iqtisadiyyatını nə gözləyir – professor danışır

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında mövcud vəziyyəti şərh edib: "İqtisadiyyat naziri tərəfindən belə bir rəqəmin açıqlanmasının əsas istinad nöqtəsini apreldən götürmək lazımdır. Çünki tam karantin rejimi apreldən tətbiq olunmağa başladı. Artıq aprelin 1-dən etibarən iqtisadiyyatda itkilərin artımı müşahidə olundu. Demək olar ki, iqtisadiyyatın əksər sahələri fəaliyyətini dayandırdı. Lakin bu dövr uzun zaman davam edə bilməz. Çünki belə olan halda ölkədə əlavə dəyər istehsalı və ümumi daxili məhsul istehsalı azalır. Belə getsə, təbii ki, ÜDM-də də ciddi azalamalar qeydə alınacaq. Bunun üzərinə neft qiymətlərinin azalmasını da əlavə etsək, ÜDM, sənaye istehsalı və ümumi daxili məhsul istehsalının azalması daha kəskin, nəzərəçarpacaq səviyyədə olacaq. Hətta ilin sonunadək bizdə iqtisadi daralma baş verəcəyinin şahidi olacağıq".

"Yavaş-yavaş karantin rejiminin yumşaldılması ilə bağlı qərarlar verilir. Növbəti addım kimi bəzi yerlərin açılması olacaq. Lakin restoran və kafelərin, o cümlədən də turizm zonalarının açılması ehtimal ki, mayın sonuna təsadüf edəcək", - deyə ekspert əlavə edib.

O bildirib ki, belə bir şəraitdə hətta bütün sahələr açılsa belə, iqtisadiyyatın bütün çarxlarının həmən dönməsini, hərəkətə keçməsini görə bilməyəcəyik: "İnsanların davranış qaydalarında olan dəyişiklikləri də nəzərə alsaq, bir müddət iqtisadiyyatda ciddi səngimə görəcəyik".

N.Cəfərlinin sözlərinə görə iqtisadiyyatın çarxlarının tamamilə hərəkətə keçməsi üçün güvənli bir ortamın yaranması önəmlidir: "Bu virusa qarşı dünyada dərmanın, vaksinin tapılması, qorxu ab-havasının geridə qalması önəmlidir ki, 2021-ci ilin ortalarına yaxın iqtisadi sahədə vəziyyət öncəki kimi bərpa olunsun".