“Saakaşvili böhranı” davam edir – Ukrayna Gürcüstana cavab verdi

Dmitriy Kuleba: “Dünyada heç bir dövlət bizim vətəndaşımızı hara təyin edib, etməməyimizə göstəriş verə bilməz”
Sputnik

BAKI, 8 may — Sputnik. Gürcüstan hökuməti Mixail Saakaşvilinin istənilən vəzifəyə təyin olunması ilə bağlı göstəriş verə bilməz. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Dmitriy Kuleba "Levıy bereq" portalına müsahibəsində bildirib.

Gürcüstan və Ukrayna arasında “Saakaşvili böhranı” – Səfir geri çağırıldı

"Biz Gürcüstanda ölkədaxili siyasi konteksti anlayırıq və ona müdaxilə etmirik, lakin bizim üçün cənab Saakaşvili Ukrayna vətəndaşıdır. Dünyada heç bir dövlət bizim vətəndaşımızı hara təyin edib, etməməyimizə göstəriş verə bilməz", - deyə Ukraynanın XİN rəhbəri bildirib.

Kuleba vurğulayıb ki, Saakaşvili artıq daha əvvəl Ukraynada dövlət vəzifələri tutub.

Xatırladaq ki, Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani bildirib ki, Gürcüstan ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada İslahatlar Komitəsinə icraçı katib təyin olunmasından sonra Kiyevdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

"Strateji tərəfdaş tərəfindən Gürcüstanda mühakimə edilən və axtarışda olan şəxsin vəzifəyə təyin olunması Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidzenin məsləhətləşmələr üçün geri çağırılmasına əsas olub", - deyə Zalkaliani bildirib.

Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini İslahatlar Komitəsinə icraçı katib təyin edib.