BAKI, 8 may — Sputnik. Bir sutka ərzində Rusiyanın 83 regionunda 10 min 699 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 98 nəfər ölüb.
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 187859-a çatıb.
Rusiyada pandemiya yayılandan 1723 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 2805 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 26608-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu keçib, 269 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.