Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 7 may — Sputnik. Lisenziyaları ləğv edilmiş "Atabank" və "Amrah Bank"da iş adamlarının cari hesablarında olan vəsaitləri bata bilər. Marja-nın məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, sahibkarların üzləşdikləri vəziyyətə görə təəssüf hissi keçirir: "Təəssüf edirəm, qanunvericiliyin tələbi belədir. Bu banklarda hesab açmaq iş adamlarının öz seçimləri idi. Əmanətlərin Sığortalanması Fondu ilk növbədə qorunan əmanətləri qaytaracaq. Sonra qanunvericiliyə əsasən növbəlilik var. Əgər vəsait olacaqsa onlara da növbəlilik prinsipi ilə vəsaitləri ödəniləcək".
Bəs, banklar bağlanan zaman iş adamlarının vəsaitləri niyə batmaq təhlükəsi ilə üzləşir? Problemin həlli yolu necə ola bilər?
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, mütərəqqi bank sektoru və iqtisadi infrastrukturu olan dövlətlərdə bütövlükdə həm əmanətlər, həm də hesablardakı digər vəsaitlər banklarda qorunmalıdır: "Keçən dəfə böhran dalğasında ölkədə 15 bankın bağlandığını gördük, hazırda isə daha 2 bank bağlanıb, 2 bank da bağlanmağa doğru gedir. Bu, onu göstərir ki, bank sektoru dayanıqlı deyil. Ona görə də bu problemlər yaşanmaqdadır. Düzdür, banklarda fiziki şəxslərin əmanətləri qorunur, amma bütövlükdə biznes hesablarının itirilməsi biznesin faktiki olaraq dayanıqlığının pozulması deməkdir. Buna da Mərkəzi Bank və iqtisadi bloka aid olan digər qurumlar imkan verməməlidir".
Onun sözlərinə görə, banklar ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməlidir: "Mərkəzi Bank bank sektorunun fəaliyyətini tənzimləyən zaman yalnız 1-2 sahəyə cavabdeh olmamalıdır. Məsələn, yalnız inflyasiyanın səviyyəsinə, milli valyutanın məzənnəsinə cavabdeh olmamalıdır. Mərkəzi Bank bir sıra strateji məsələlərə cavabdehlik daşımalıdır. Bura iqtisadi artım, investisiya artımı, işsizlik ilə bağlı məsələ daxil olmalıdır. Əgər bu proseslər Mərkəzi Bankın funksiyalarına daxil edilməzsə, biz bank sektorunda bundan sonra da bu problemlərin olmasının şahidi olacağıq".
O bildirib ki, bank sektorunun sağlamlaşdırılması lazımdır: "Eyni zamanda bank sektoru ilk növbədə real sektoru maliyyələşdirməlidir. Bütün bu işlərin görülməsində Mərkəzi Bankın müstəsna rolu olmalıdır. İş adamlarının da vəsaitlərinin qorunması mümkündür. Bunu üçün qanunvericiliyə dəyişiklik etmək lazımdır. Manatla əmanətlər illik 10 faizə qədər olduqda sığortalanır. Eyni şərtlər biznes sahəsinə də aid edilə bilər. Amma ümumiyyətlə dollar ilə qoyulan əmanətlərin sığortalanması prosesinə son qoyulmalıdır, ancaq manat ilə qoyulan əmanətlər sığortalanmalıdır".
"Dollarlaşma aşağı düşsə və vəsaitlər real faizlərlə cəlb olunsa, hüquqi və fiziki şəxslərin əmanətlərinin qorumasında heç bir problem olmaz. Çünki manatın çapının, manatın dövriyyəyə buraxılmasının cavabdehliyini daşıyan qurum Mərkəzi Bankdır. Yəni, Mərkəzi Bank istənilən sayda manat çap edə bilər. Belə olan halda o əmanətlərin qorunmasında problem olmaz" - professor qeyd edib.
İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, ölkədə qanunvericiliyə görə, əmanətlər sığortalanır və Əmanətlərin Sığortalanması Fondu var: "İndiyədək bu Fond vasitəsilə bağlanan banklarda fiziki şəxslərin əmanətlərinin geri qaytarılması ilə bağlı ciddi problemlər olmayıb. Hüquqi şəxslərə gəldikdə isə banklarda belə bir sığorta mexanizmi yoxdur. Amma Mərkəzi Bank həm də tənzimləyici funksiyaya malikdir. İstər iş adamı olsun, istər sadə vətəndaş olsun, Mərkəzi Bankın tənzimləyici funksiyasına güvənərək bank əməliyyatları aparır və banklarda hesab açır. Yəni burada Mərkəzi Bank öz tənzimləyici funksiyasından istifadə etməlidir. İş adamları bankların maliyyə durumunu Mərkəzi Bankdan öyrənməlidirlər".
"Həmin bankların lisenziyasının ləğv edilməsi və yaxud bağlanması iş adamlarının günahı deyil. Ən azından burada Mərkəzi Bankın tənzimləyici kimi məsuliyyəti var. Bu məsuliyyət çərçivəsində iş adamlarına da yardım edilməlidir" - o qeyd edib.
Əmanətlərin qaytarılması ilə bağlı növbəlilik məsələsindən danışan ekspert bildirib ki, banklar bağlanan zaman birincisi dövlət qarşısında olan öhdəliklər yerinə yetirilir: "Məsələn, vergi borcu varsa, ilk olaraq bunlar ödənilir. Paralel olaraq fiziki şəxslərin qorunan əmanətləri geri qaytarılır. Bundan sonra əgər yerdə vəsait qalarsa, digər öhdəliklər üçün xərclənə bilər. Həmin bankların daşınar və daşınmaz əmlakı, ümumiyyətlə aktivləri o qədər böyük deyil ki, hamısının vəsaiti geri qaytarılsın".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi "Amrah Bank" və "Atabank"da biznesin (sahibkarların) 18 milyon manat pulu qalıb.
Bu barədə AMB-nin sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.
"Bu pulun da bir hissəsi bank sahiblərinin digər bizneslərinə aiddir və onlar özləri qayğısına qalmalıdır. Kənar iş adamlarının vəsaitlərinə gəlincə isə, prosedurlara uyğun olaraq bankların aktivləri Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ötürüləcək və həmin aktivlər reallaşdırıldıqdan sonra yekunda qalacaq vəsait hesabına sahibkarların pulları növbəlilik əsasında ödəniləcək.
Onu da deyim ki, Azərbaycanda iş adamları yalnız bir bankda hesab açmırlar, azı 2 bankla işləyirlər. Hər hansı bankda problem yarananda, hiss olunanda həmin hesablar başqa banka köçürülür və belə bank əməliyyatları reallaşdırılır", - deyə Rüstəmov qeyd edib.