MƏDƏNİYYƏT

Moldovanın Xalq artistinin ifasında “Sarı Gəlin”

Moldovanın Xalq artisti Konstantin Moskoviç azərbaycanlı həkimləri dəstəkləmək üçün Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Röya Əliyevanın iştirakı ilə “Sarı Gəlin” mahnısını ifa edib. Bunun necə alındığını videoda izləyin.
Sputnik

Karantində olduğu müddətdə daha öncə də Azərbaycan musiqisini ifa etmiş Moldovanın Xalq artisti, məşhur nay ifaçısı Konstantin Moskoviç “Sarı Gəlin” mahnısına klip çəkdirib. Moskoviç Sputnik Azərbaycan-a bildirib ki, bu təklif Moldova Respublikasının Azərbaycandakı Səfirliyindən gəlib.

Moldovalı musiqiçidən “Sən gəlməz oldun”>>

Azərbaycan xalqı, xüsusilə də tibb sahəsində çalışanları dəstəkləmək üçün bu klip pandemiya dövründə Kişinyov şəhərində yerləşən studiyaların birində iki gün ərzində hazırlanıb.

“Mənə çox xoşdur ki, mənim ideyamı Azərbaycanın Dövlət Rəqs Ansamblının solisti Röya Əliyeva da dəstəkləyib. O, “Sarı Gəlin”in sədaları altında milli kostyumda ifa etdiyi rəqsin videosunu mənimlə bölüşdü. Və məhz o rəqsinin bəzi hissələrini biz klipdə istifadə etdik. Moldovada yaşayan yaxın dostum biznesmen Vüqar Novruzovun maliyyə dəstəyi sayəsində işimiz alındı”, - deyə Xalq artisti bizimlə bölüşüb.

Konstantin Moskoviç qeyd edib ki, bu onun Azərbaycan melodiyasına çəkdirdiyi ilk klipidir.

“Ümid edirəm ki, növbəti klipimi Azərbaycanın gözəl təbiətinin fonunda çəkmək nəsib olacaq", - deyə Xalq artisti yekunlaşdırıb.

Məşhur nay ifaçısı Konstantin Moskoviç “Moldova nayında Azərbaycan musiqisinin antologiyası” adlanan albomun müəllifidir. Bu antologiyaya on dörd kompozisiya daxildir.