TƏHLİL

ABŞ Çinə qarşı qisas haqda düşünür – dolları qurban vermək lazım olsa belə

Tramp və onun köməkçiləri hökumətə və ya epidemiya qurbanlarına zərərə görə Çini məhkəməyə vermək imkanı üçün Pekini "suveren toxunulmazlıq"dan məhrum etmək məsələsini müzakirə ediblər
Sputnik

BAKI, 4 may — Sputnik, İvan Danilov. Çinin "koronavirusa görə" nümunəvi və alçaldıcı şəkildə cəzalandırılması ideyası artıq Amerika hökumətinin ən yüksək kabinetlərinə çatıb. Əgər iki həftə əvvəl bir trilyon dolların Çinin qızıl valyuta ehtiyatlarından ekspropriasiyası kimi ekzotik yanaşma respublikaçı senatorlar və Amerikanın axşam tok-şoularının aparıcıları tərəfindən müzakirə olunurdusa, indi bu məsələ Ağ Evə çatıb.

Özləri krediti verməyi dayandırıb, indi də bu yolla başqalarına mane olmağa çalışırlar

"The Washington Post" qəzetinin Tramp administrasiyasında mənbələrə istinadən verdiyi xəbərə görə, Vaşinqton koronavirusun vurduğu ziyana görə Çini maliyyə kompensasiyası ödəməyə məcbur etmək strategiyası çərçivəsində Pekindən aldığı bütün borcları "özü özünə bağışlamaq" məsələsini müzakirə edir. Bu halda borcun "özbaşına bağışlanması" Amerika auditoriyasına kompensasiya çərçivəsində ilkin ödəniş kimi təqdim oluna bilər: Pekin düşünürdü ki, Vaşinqtona kreditə pul verib, əslində isə o, pandemiyaya görə dəyən zərəri əvvəlcədən kompensasiya edib.

Amerika rəhbərliyinin rəsmi bəyanatlarına inansaq, Tramp administrasiyasında ən rasional mütəfəkkir və Çinin əsas düşməni rolunu elə prezidentin özü oynayır. O, həm Çinin maddi cəhətdən (ABŞ-ın epidemiyaya hazırlığı zamanı yol verdiyi səhvlərə görə) "cəzalandırılmasını" dəstəkləyir, həm də müəyyən biznes təcrübəsindən irəli gələrək Amerika valyutasının statusunun təhlükə altına sala biləcək çox riskli qərarlara qarşı çıxır.

"The Washington Post" müzakirə olunan tədbirlərin bütün spektrini təsvir edir: "(Çinə qarşı qisas tədbirlərinin hazırlanması ilə tanışlığı olan – red.) mənbələrə görə, son günlərdə Prezident Tramp Çinin hərəkətləri ilə bağlı köməkçilərinə qəzəbini nümayiş etdirərək, ölkəni virusla bağlı məlumatları ört-basdır etməkdə günahlandırıb və Pekinin cavab tədbirlərinə əl atmasına səbəb olacaq ciddi tədbirlərin görülməsini müzakirə edib".

Pandemiyadan sonra – Yeni dünya düzəninə kim istiqamət verəcək?>>

Tramp və onun köməkçiləri hökumətə və ya (ABŞ-da epidemiya qurbanlarına) zərərə görə Çini məhkəməyə vermək imkanı üçün Pekini "suveren toxunulmazlıq"dan məhrum etmək məsələsini müzakirə ediblər. Əvvəllər "Trump Organization" şirkətində top menecer vəzifəsində çalışmış və Çinə qarşı iddiada iştirak edən Corc Sorial "The Washington Post" qəzetinə Ağ Evdəki yüksək vəzifəli məmurlarla Çinin "suveren toxunulmazlığı"nın məhdudlaşdırılmasını müzakirə etdiyini bildirib. Hüquqi məsələlər üzrə ekspertlər Çinin "suveren toxunulmazlığı"nı məhdudlaşdırmağın son dərəcə çətin olacağını və bunun üçün Konqresin qanunvericilik aktlarının tələb oluna biləcəyini deyirlər.

Daxili müzakirələrdən xəbərdar olan iki mənbənin dediyinə görə, administrasiyanın bəzi nümayəndələri ABŞ-ın Çin qarşısında borc öhdəliklərinin bir hissəsini ləğv etməsi məsələsini də müzakirə ediblər. Prezidentin bu ideyanı dəstəkləyib-dəstəkləmədiyi məlum deyil.

Prezident özü daha sonra vəziyyəti olduqca səthi bir şəkildə şərh edərək "əgər bu oyunları oynamağa başlasaq, hər şey çətin olacaq" deyib. O, həmçinin "dolların müqəddəsliyi" (sanctity of the dollar) barədə narahatlığını dilə gətirib. Ehtimal ki, Tramp ABŞ tərəfindən aparılan selektiv defoltun dolların əsas dünya valyutası kimi istifadəsini poza biləcəyinə işarə edib.

Digər tərəfdən, Tramp dərhal toplaşmış jurnalistlərə təsəlli verərək Çini cəzalandırmağın başqa yolunu tapacağını deyib və digər bir ideya barədə xatırladıb — Pekindən bir trilyon dollar almaq məqsədilə Çin mallarına qeyri-adi yüksək tariflərin tətbiq edilməsini. Yəqin ki, Amerika lideri Pekinin epidemiya zamanı hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ABŞ iqtisadiyyatına və onun öz reytinqinə dəymiş zərəri məhz bu məbləğdə qiymətləndirir.

İlk ciddi təzyiq. Ekspert koronavirusa görə Trampın Çinə təhdidini dəyərləndirdi

Bütün bunları seçkiqabağı ritorikanın ayağına yazmaq olardı. Nəzərə almaq lazımdır ki, Çin Xalq Respublikasından təxminən 1,3 trilyon dollar qoparmaq qərarı təkcə iqtisadi deyil, həm də siyasi bir addımdır. Payızda prezident seçkisinə getməli olacaq on milyonlarla amerikalı seçicidə güclü neqativ emosiyalar yaranıb. Əgər Tramp "epidemiyanın günahkarı olmuş" ölkə qarşısında Amerikanın borclarını ləğv etdiyini və qənaət edilmiş pulların, məsələn, işini itirmiş şist neftçilərinə paylanacağını bildirsə, bu, seçkiqabağı bonuslarla dolu güclü bir siyasi jest olacaq.

Elə "The Washington Post" qəzetinin yazdığına görə, Trampın böyük məsləhətçilərindən biri Çinin cəzalandırılmasının prezidentin meylli olduğu bir istək olduğunu bildirib. Görünür ki, sonda Trampa yenidən seçilmək üçün hətta dolların statusunu qurban vermək də əla ideya kimi görünə bilər.