CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağışdan çıxıb, yağmura düşməyək: Bağlanan banklardakı əmanətlər tam ödəniləcəkmi?

Ekspert: "Sığortalanmayan əmanətlərin geri qaytarılması kifayət qədər mürəkkəb prosesdir. Yəni bankın iflas prosesi tamamilə başa çatdırılmalıdır".
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Mərkəzi Bankın 28 aprel 2020-ci il tarixli qərarına əsasən "Atabank" ASC-nin və "Amrah Bank" ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib. Sputnik Azərbaycan xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, "Atabank" və "Amrah Bank" Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcək.

Banklar müflis oldu, ümidləri maaşa qalıb

Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaq. Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaqlar.

Qeyd edək ki, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edir. Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir.

Əmanətlərin qaytarılması ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, əmanətlərin geri qaytarılması məsələsi qanunvericiliklə həll olunur: "Sığortalanan əmanətlərin geri qaytarılmasında heç bir problem olmayacaq. Hətta Əmanətlərin Sığortalanması Fondunun maddi imkanı olmasa belə bu, Mərkəzi Bank tərəfindən verilən kreditlə əvəzləşdiriləcək. Burada problem kütləvi müraciətlər zamanı qrafiklə bağlı ola bilər. Ola bilər, insanlar ən qısa müddətə deyil, bir neçə həftədən sonra öz əmanətlərini geri alsınlar".

Onun sözlərinə görə, əsasən sığortalanmayan əmanətlər ilə bağlı problem olacaq: "Sığortalanmayan əmanətlərin geri qaytarılması kifayət qədər mürəkkəb prosesdir. Yəni bankın iflas prosesi tamamilə başa çatdırılmalıdır. Bankın bütün öhdəlikləri ödəniləndən sonra əgər aktivlərinin qalığı qalarsa, imkan olarsa, mərhələli şəkildə sığortalanmayan əmanətlərin geri qaytarılması prosesi başlayır. Əvvəlki təcrübələr də göstərir ki, bu, çox uzun müddət vaxt aparan bir prosesdir. Və bu prosesin başlaması o demək deyil ki, sığortalanmayan əmanətlər tam geri qaytarılır. Nə qədər vəsait çatırsa, nə qədər imkan varsa, o qədər ödəniş edilir".

Ölkədə iki bank bağlandı, bəs əmanətlər?

Ekspert bildirib ki, bu sahədə kifayət qədər boşluqlar var: "Bu kimi riskli banklar ilə bağlı cəmiyyət əvvəlcədən məlumatlandırılmır və yaxud da banklarda mövcud olan problemlər vaxtında üzə çıxarılmır. Nəticədə insanlar düzgün olmayan istiqamətlərdə qərarlar qəbul etmək məcburiyyətində qalırlar. Bundan başqa, sığortalanmayan əmanətlərin geri qaytarılması məsələsi öndə dayanmır. Qanunvericiliyə görə, bütün öhdəliklər (vergi, sığorta öhdəliyi, məhkəmə xərcləri və s.) yerinə yetiriləndən sonra növbə sığortalanmayan əmanətlərin geri qaytarılmasına çatır. Amma ümumiyyətlə, ölkədə əmanətlərin əhəmiyyətli hissəsi sığortalanandır. Bu baxımdan əmanətlərin böyük əksəriyyətinin qısa müddətdə geri qaytarılacağını demək olar".

"Həcmindən asılı olmayaraq manatla əmanətlər illik 10 faizə qədər olduqda, xarici valyuta ilə əmanətlər isə illik 2,5 faizə qədər olduqda sığortalanır" – deyə o əlavə edib.

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə isə ideal vəziyyət əhalinin əmanətləri geri çəkməməsi, agent bankda ən azı müqavilə müddəti bitənədək vəsaitini saxlaması olardı: "Bunun üçünsə dövlət müəyyən stimullaşdırma tədbirlərinə getməlidir. Agent bankda əmanətlərin faiz dərəcəsinin aşağı olması ehtimalı yüksəkdir. Bu isə əhali üçün az cəlbedici olacaq. Burada iki mexanizmdən (məcburi və həvəsləndirici) birini tətbiq etmək mümkündür. Məcburi addım olaraq agent banka köçürülən əmanətlərin müqavilə şərtləri köhnə bankda olduğu kimi saxlanılır. Yəni vəsait köçürülsə də müqavilə müddəti bitənədək əmanətin bankdan götürülməsi qadağan edilir. Əgər əmanətçi əmanətini götürürsə, bu halda bağlanmış bankda olduğu kimi vaxtından əvvəl götürülmüş əmanət kimi qiymətləndirilir və cərimə tətbiq edilir. Hökumət də öz növbəsində müqavilədə göstərilən faiz dərəcəsinin saxlanmasını (əgər agent bankda faiz dərəcəsi aşağıdırsa) təmin etməlidir. Buna illik faiz dərəcəsini subsidiyalaşdırmaqla nail ola bilər. İkinci mexanizmdə isə əmanətlərin agent bankda qalmasını stimullaşdırmaq üçün dövlət həmin əmanətlərin faiz dərəcəsini müddət bitənədək illik 2-3% bəndi səviyyəsində (xarici valyuta üzrə 1%) subsidiyalaşdırır və seçimi əmanətçinin ixtiyarına buraxır. Bunlar olarsa, Əmanətlərin Sığortalanması Fondunun əlavə vəsait cəlbinə ehtiyac qalmaz".

Qeyd edək ki, Mərkəzi Bankın açıqlamasına görə, bank sisteminin sağlamlaşdırılması, problemli bankların sistemdən uzaqlaşdırılması nəticəsində əhalinin öz əmanətlərindən istifadə hüquqlarının bərpa edilməsi atılan digər addımlarla birgə bank sektoruna inamın daha da artırılmasına şərait yaradacaq.

Onu da bildirək ki, Bakı Apelyasiya Məhkəməsinin aprelin 30-da qəbul etdiyi qərarla "Atabank" və "Amrah Bank" ASC-lər müflis elan edilib və onların iflas prosedurlarına başlanılıb. Məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondu "Atabank" ASC və "Amrahbank" ASC-nin ləğvedicisi təyin edilib.