BAKI, 2 may — Sputnik. Şəmkir rayonunda odlu silahla qətl törədən şəxs tutulub.
Şəmkir Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 1-də Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlunun rayonun Yeni Həyat kəndi ərazisindən keçən avtomobil yolunda odlu silahdan açılan atəş nəticəsində öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Daxil olan məlumat əsasında dərhal hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, həmçinin digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla Elnur Hümmətlinin Yeni Həyat kənd sakini Süleymanov Etibar Binnət oğlu tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində E.Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, E.Süleymanovla E.Hümmətli bacanaq olublar.