ELM

Təhsil nazirinin müavini dərs ili ilə bağlı vacib açıqlamalar verdi

Məhəbbət Vəliyeva yay tətilinin ləğvi və yeni dərs ilinin başlama müddəti ilə bağlı hamını maraqlandıran suallara cavab verdi
Sputnik

BAKI, 30 aprel — Sputnik. "Dərs ilinin sonuna qədər məktəblərin açılması yəqin ki, real görünmür. Məktəblərdə şagirdlər arasında sosial məsafənin saxlanılmasını təmin etmək çətin olacaq. Ona görə də yəqin ki, bu, real deyil".

Təhsil naziri: "Prosesin vacib mərhələsindəyik"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni TV”yə müsahibəsində deyib.

M.Vəliyeva qeyd edib ki, hər il dərslər ənənəvi olaraq, sentyabrın 15-də başlayır: "Biz hazırda dərs ilinin sonuna dair məsələləri, proqramları müzakirə edirik. Amma dərs ilinin başlanılması barədə Nazirlər Kabineti qərar verir. Nazirlər Kabinetinin qərarı əsasında dərs ilinin başlanılma tarixi müəyyən ediləcək. Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər”.

“Burada proqramdan geriləmələr var. Hazırda Təhsil Nazirliyi olaraq dərs ilinin sonuna dair məsələləri və yay aylarında görəcəyimiz işləri müzakirə edirik” – deyə o, bildirib.

Məhəbbət Vəliyeva yay tətilinin ləğv edilməsi məsələsinə də toxunub: "Güman edirəm ki, məktəblilərin yay tətilinin ləğv olunması üçün əsas yoxdur".

Nazir müavini qeyd edib ki, şagirdlərin istirahət hüquqları yəqin əllərindən alınmaz: "İstərdim ki, əvvəlki illərdən fərqli olaraq yay tətilini şagirdlər bu il fərqli qiymətləndirsinlər. Çünki dərs ili başladıqdan sonra boşluqların aradan qaldırılması yalnız müəllim və məktəbin qayğıları olmayacaq. Bunun üçün yay tətili müddətində şagirdlər də bu boşluqların aradan qaldırılması üçün öz töhfələrini vermək üçün hazırlaşmalıdırlar".