İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 28 aprel — Sputnik. Koronavirus pandemiyası bütün sahələrlə bərabər, tikinti sferasına da öz mənfi təsirlərini göstərməkdədir. Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində tikinti şirkətlərinin fəaliyyətinə icazə versə də, bəzi şirkətlər işləri dayandırıb.
Bildiyiniz kimi, Nazirlər Kabinetinin 86 saylı qərarından sonra paytaxtın bəzi rayonlarında istismar müddəti bitmiş əksər binalar söküldü, sakinləri isə kirayə mənzillərə köçürüldülər.
Hazırda xüsusi karantin rejiminin yaratdığı şəraitlə əlaqədar olaraq bəzi şirkətlərdə işlər dayandırılıb. Onları belə vəziyyətdə nə gözləyir?
Əmlak məsələləri üzrə ekspert Elnur FərzəliyevSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çoxmənzilli binaların inşası əksər yerlərdə dayanıb, bəzilərində isə çox ləng surətdə aparılır.
"Binaların böyük əksəriyyətini pilot layihələri inşa edən şirkətlər tikir. Yəni istismar müddətini başa vurmuş binalar söküldüyü üçün yeniləri ilə əvəz edilir", - deyən ekspert vurğulayıb ki, pilot layihəni inşa edən şirkətlərin həm dövlət orqanları, həm də mənzil sahibləri qarşısında götürdükləri öhdəliklər var.
Belə ki, çoxmənzilli binalar əvvəlcədən təyin olunmuş zamanda sahiblərinə təhvil verilməlidir. Bununla yanaşı, bu tip layihələri icra edən şirkətlər əlavə olaraq, sökdükləri mənzillərin sahiblərinə aylıq kirayə pulu da verməlidir.
Mütəxəssis qeyd edir ki, gecikən hər gün tikinti şirkətinə külli miqdarda maddi zərər hesabına başa gəlir: "Tikinti işlərinin aparılmasına dövlət tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.
Onun sözlərinə görə, prosesin davam etdirilməsi və əmlak bazarında alıcı bolluğunun yaranması üçün ciddi dövlət dəstəyinə ehtiyac duyulur.
Ekspertin fikrincə, yeni tikili binalardakı mənzillərin satışı üçün uzunmüddətli və sadələşmiş kreditlərin ayrılması əmlak bazarında ciddi canlanma yarada bilər.
"Bu gün tikinti şirkətlərinin daha bir problemi də yaranıb. Tikinti şirkəti tərəfindən daxili kreditlə satılan əksər mənzillərin sahibləri kreditlərin ödənməsində ciddi problemlər yaşayırlar. Bu cür məsələlər də tikinti şirkətlərini ciddi maliyyə böhranı ilə üz-üzə qoyur", - deyə o vurğulayıb.